Press "Enter" to skip to content

Təbrizdə siyasi məhbus Abbas Lisaniyə dəstək aksiyası

Abbas Lisaniyə azadlıq!

Bayraqdar.info – Fevralın 3-də gecə saatlarında Güney Azərbaycanın Təbriz şəhərində bir qrup milli-mədəni fəal siyasi məhbus Abbas Lisaniyə dəstək aksiyası keçirib.

Fəallar şəhərin müxtəlif məhəllələrində divarlara, keçidlərə və ictimai yerlərə A.Lisaninin fotosunu və üzərində “Abbas Lisanini azad edin”, “Biz hamımız Lisaniyik” şüarı yazılan afişalar yapışdırıblar.

Son günlər A.Lisaninin sağlamlığında yaranan problemlər milli-mədəni fəalların, beynəlxalq insan haqları müdafiə təşkilatlarının narahatlığına səbəb olub.

2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən A.Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi A.Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə bağlı iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty International A.Lisani ilə bağlı “həyəcan” kampaniyası başladıb, siyasi məhbusun dərhal və qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.