Son yeniləmə: 4 Fevral 2022 09:17
Bayraqdar.info – Fevralın 7-də Kuzey Kıbrıs Türk Cümhuriyyətində yeni millət vəkilləri and içəcəklər. Elə həmin gün Cümhurbaşqanı Ersin Tatar baş nazir Faiz Sucuoğluna yeni hökuməti qurmaq səlahiyyəti verəcək.
Bu arada isə yeni hökumət formulu ilə bağlı fikirlər səslənməkdədir.
Məsələn mətbuata açıqlama verən F.Sucuoğlu 27 millət vəkili ilə bu dəqiqə hökumət qura biləcəklərini deyib. Bununla belə o, paramentdə daha güclü dayağa malik olmaq üçün 30 millət vəkilinin dəstəyi ilə bir hökumət qurmaq istədiklərini bildirib.
Bu açıqlama isə diqqətləri HP-yə yönəldib. Hər kəs yaxşı bilir ki, 27 millət vəkili deyəndə F.Sucuoğlu UBP-DP koalisiyasını nəzərdə tutub. Çünki hazırda UBP 24, DP isə 3 mandata sahibdir. 30 millət vəkilli hökumət qurmaq üçün isə UBP mütləq Küdret Özersayın rəhbərlik etdiyi Xalqın Partiyasının qapısını döyməlidir. Hazırda DP-dən sonra parlamentdə 3 mandata sahib olan məhz HP-dir.
Onu da qeyd edək ki, F.Sucuoğlu həmin açıqlamasında CTP ilə də hökumət qura biləcəklərinə işarə edib.
HP-nin üçlü hökumət koalisiyasına münasibətinə gəlincə bu partiyanın başqanı məsələyə müsbət yanaşdıqlarını bildirib. K.Özersay “Partiya məclisimizin müəyyən edəcəyi çərçivə daxilində oturub müzakirə edərik. Əgər ortaq məxrəcə gələ bilsək hökumətdə yer ala bilərik. Çünki Xalqın Partiyası olaraq biz xalqa xidmət etmək istəyirik”, – deyib.
[…] KKTC-də üçlü koalisiya qurula bilər […]