Press "Enter" to skip to content

Kəlbəcərdə yolların qardan təmizlənməsi davam etdirilir

Son yeniləmə: 4 Fevral 2022 14:43

Bayraqdar.info – Kəlbəcər rayonu gözəl olduğu qədər çətin relyefə malikdir və əsasən dağlıq ərazilərdən ibarət olduğundan burada qış çox sərt keçir. Təmizlənmiş yollar çovğun və külək nəticəsində qısa müddətdə yenidən qarla örtülür.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, AAYDA rayon ərazisində çətin iqlim şərtlərinə baxmayaraq xidmətini davam etdirir: “Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün yolların qardan və buzdan təmizlənməsi istiqamətində işlər görülür.

Yüzlərlə kilometr uzunluğa malik yolların qardan və buzdan təmizlənməsi işlərini tənzimləmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kəlbəcər rayonunda qərargah və 21 istiqamətdə dayaq məntəqələri yaradılıb. Qərargah və dayaq məntəqələri sərt iqlimə uyğun lazımi avadanlıqlarla təchiz edilib, ərzaq, yanacaq-sürtkü, duz-qum ehtiyatları ilə təmin olunub”.

Bundan başqa maşın-mexanizm və texnikaların fasiləsiz xidmətini, işçilərin isinməsini və istirahətini təşkil etmək üçün xüsusi xidməti sahələr və yaşayış düşərgələri də yaradılıb. Yetəri qədər yemək və içməli su ehtiyatı görülüb, işçilərə isti geyimlər verilib. Bütün işçilərin ezamiyyə xərcləri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin diqqət mərkəzindədir.

Qarın kürənməsi, yolların qar uçqunundan təmizlənməsi işlərinin aparılması üçün əraziyə 100-ə yaxın maşın-mexanizm və texnika təhkim olunub, xidməti qrup yaradılıb. Xidməti qrupun tərkibində çalışan çilingər ustaları, mexaniklər tərəfindən təmirə ehtiyacı olan maşın-mexanizmlərə texniki servis işləri yerindəcə aparılır, rezin təkərli mexanizmlər zəncirlərlə təmin edilir. Maşın-mexanizm və texnikaların, həmçinin xidməti sahələr və yaşayış düşərgələrində olan işıq generatorların fasiləsiz çalışması üçün ərazilərə yanacaq daşıyan maşınlar təhkim olunub.

Kəlbəcər rayonu ərazisində yerləşən və rayona gələn bütün yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında saxlanılır. Lazım olduqca yolların qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülməklə avtonəqliyyat vasitələrinin normal, təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur.

 

Mission News Theme by Compete Themes.