Press "Enter" to skip to content

Gənclər təşkilatlarının nümayəndələri ilə görüş

Son yeniləmə: 4 Fevral 2022 17:58

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində gənclər təşkilatları ilə görüş keçirilib. Görüş “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində baş tutub.

ƏƏSMN-dən bayraqdar.info-ya fevralın 4-də verilən mılumat görə, görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

M.Abbasbəyli bildirib ki, Agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirlərinin əsas hədəflərindən biri də gənclərin məşğulluğu, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsidir. 2021-ci il ərzində Agentlik tərəfindən 20 min 363 gənc münasib işlə təmin edilib, 4 min 288 gənc özünüməşğulluq proqramına cəlb olunaraq, proqramın dəstəyi ilə öz kiçik biznes sahələrini yaradıb.

Agentlik tərəfindən ardıcıl olaraq bu kateqoriyadan olan şəxslərlə bağlı yeni məşğulluq layihələrinin həyata keçirildiyini qeyd edən sədr 2022-ci ildə də bu istiqamətdə mühüm nəticələrə nail olunacağına ümid etdiyini vurğulayıb.

Bildirilib ki, hazırda Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən birgə “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” icra olunur. Proqram üzrə gənclərin bilik və bacarıqlarının artırılması, potensiallarının, ideyalarının reallaşdırılması üçün “Peşəkar Gənclik”, “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”, “Biznesini Yarat Marafonu” layihələri icra edilir.

Həmçinin, Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə “Gənclərin biznes emalatxanası” layihəsinə də başlanıb. Layihənin məqsədi peşə təhsili alan sonuncu kurs tələbələrinin biznes təlimlərinə cəlb olunması və özünüməşğulluq proqramı çərçivəsində mikrobizneslərini qurmasıdır.

Gənclərlə bağlı həyata keçirilən digər mühüm layihə isə, “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi və bu layihə çərçivəsində hazırlanan “Peşəkar İnkişaf və İnnovasiyalar Platforması”dır. Platformanın məqsədi gənclərin peşəkar inkişafla bağlı maarifləndirilməsi və onların gələcək iş həyatına hazırlığına dəstək verməkdir.

Görüşdə gənclər təşkilatları nümayəndələrinin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Mission News Theme by Compete Themes.