Press "Enter" to skip to content

Beynəlxalq Muğam Mərkəzində konsert

Son yeniləmə: 4 Fevral 2022 17:29

Bayraqdar.info – Mədəniyyət Nazirliyi tərəfindən 2 fevral – Gənclər Günü münasibətilə tərtib edilən “Yeni gənclik” musiqi proqramları davam edir. Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində “Detaşe” violin ifaçıları ansamblının konserti keçirilib.

Bu barədə bayraqdar.info-ya fevralın 4-də Nazirlikdən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru, Xalq artisti Zəhra Quliyeva bədii rəhbəri olduğu “Detaşe” ansamblının yaranma tarixindən söz açıb. Bildirilib ki, yaradıcı gənclərə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Ansamblda BMA-nın tələbələri və Prezident təqaüdçülərinin çıxış etmələri bunun bariz nümunəsidir. Xalq artisti çıxışının sonunda konsertin təşkilatçılarına minnətdarlığını ifadə edib.

Sonra konsert proqramı təqdim olunub. Ansamblın və solistlərin – Prezident təqaüdçüsü Zərrin Əliyeva, BMA-nın III kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Osman Mustafazadənin çıxışları alqışlarla qarşılanıb. İfaçıları pianoda Səbinə Muradova müşayiət edib. Proqrama Azərbaycan və Avropa bəstəkarlarının əsərləri daxil edilib.

Qeyd edək ki, “Detaşe” ansamblının əsas fərqli xüsusiyyəti alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır.

Mission News Theme by Compete Themes.