Press "Enter" to skip to content

Ağstafaçay su anbarı hazırda 57 min hektar ərazini suvarır

Son yeniləmə: 11 Fevral 2022 09:46

Bayraqdar.info – Ağstafaçay su anbarında mütəmadi olaraq təmizlik və texniki təmir-bərpa işləri görülür.

Bunu bayraqdar.info-ya fevralın 4-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Onun sözləırinə görə, Ağstafaçay Hidroqovşağı istismarı idarəsi tərəfindən 2022-ci ilin yay suvarma mövsümününə mütəşəkkil hazırlıq işləri aparılır: “Maşın və mexanizmlər saz vəziyyətə gətirilib, kanallarda lildən təmizləmə işlərini həyata keçirirlər. Bölgənin əhəmiyyətli su anbarlarından biri olan Asğtafaçay su anbarında mütamadi olaraq təmizlik və texniki təmir-bərpa işləri görülür. Hidrotexniki qurğulara baxış keçirilir. Suburaxıcı qapılarda olan nasazlıqlar aradan qaldırılır”.

Qeyd olunub ki, Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının 74 min hektar kənd təsərrüfatı sahəsinin suvarılması üçün nəzərdə tutulan Asğtafaçay su anbarı hal-hazırda 57 min hektar ərazini suvarır. Maksimum su tutumu 120 mln m3 olan anbardan 2 ədəd Sağ və Sol Magistral kanallar vasitəsilə su verilir.

Sağ Sahil Magistral Kanalının uzunluğu 58 km, suburaxma qabiliyyəti 25-m3-dir. Kanal Qazax, Ağstafa və Tovuz rayonlarının 43 min hektar əkin sahələrini su ilə təmin edir.

Sol Sahil Magistral Kanalının uzunluğu 11 km, suburaxma qabiliyyəti 13 m3-dir, Qazax rayonunun 14 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. 2021-ci ildə su anbarından kanallar vasitəsilə 108,5 mln m3 su verilib ki, bununla da Qazax, Ağstafa və Tovuz rayonunun əkin sahələri suvarılıb.

Qeyd edilib ki, 2021-ci ildə havaların quraq keçməsinə baxmayaraq anbara yay suvarma mövsümünün başlanğıcında 95 mln m3 su yığılıb. Buna baxmayaraq sudan düzgün istifadə olunması və itkilərin minimuma endirilməsi nəticəsində yay suvarma mövsümü uğurla başa çatıb.

Payız suvarma mövsümünün başlanğıcında anbara 40 mln m3 su yığılıb. Sudan düzgün istifadə nəticəsində payız suvarması da uğurla sona çatıb.

Ötən il su kanallarında da əhəmiyyətli işlər görülüb. Belə ki, Sağ Sahil kanalının 800 metrlik aşılanmış beton üzlüyü cari təmir hesabına yenisi ilə əvəz olunub. İdarənin və podrat təşkilatın gücü ilə kanallarda 254 min m3 lildən təmizləmə işləri aparılıb. Bundan başqa Tovuzçay və Əsrikçay dükkerlərində də əsaslı təmir işləri aparılıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 33 ədəd hidrotexniki qurğu, 2 ədəd mülki və istehsalat binası, 18 ədəd hidrometrik post, 5 km istismar yolu cari təmir olunub. Sağ Sahil kanalının 2 min 600 metr aşılanmış betonunun yenisi ilə əvəz olunması üçün layihə smeta işləri tamamlanıb.

Hazırda idarə tərəfindən var gücü ilə çalışılır ki, suvarma mövsümündə fermerlər su problemi ilə üzləşməsinlər.

Mission News Theme by Compete Themes.