Son yeniləmə: 4 Fevral 2022 19:02
Bayraqdar.info – ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət edib.
ƏƏSMN-dən bayraqdar.info-ya verilən məlumata görə, diplomat Müəssisədə yaradılan şəraitlə və sosial işçilər, digər mütəxəssislər tərəfindən müəssisə sakinlərinə göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə tanış olub. Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi barədə M.Dikersona məlumat verilib.
Qeyd olunub ki, burada müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, görmə qabiliyyəti məhdudluğu olan şəxslər, habelə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün şöbələr fəaliyyət göstərir. Həmin şəxslər qeyd edilən şöbələrə qəbul olunaraq sosial reabilitasiya xidmətləri ilə əhatə olunublar.
Ötən il Müəssisədə 332 şəxsə sosial xidmətlər göstərilib.
Həssas əhali qruplarından olan şəxslərin reabilitasiyası istiqamətində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.