Son yeniləmə: 3 Fevral 2022 09:53
Yücel Karauz: Böyük güclər öz məqsədləri, hansısa planları naminə kiçik dövlətlərdən istifadə edir, sonra da qəfildən geri addım atırlar
Bayraqdar.info – “Böyük güclər, imperialist dövlətlər sadəcə öz milli maraqlarını güdürlər. Bunlar öz milli maraqları üçün dünyada bir düzən qurarlar. Lazım gələrsə hətta Potsdam, yaxud Yaltada olduğu kimi dünyanı öz nüfuz dairələri üzrə bölüşər və həmin ərazilərdə öz milli maraqları çərçivəsində addım atarlar”.
Bunu son günlər Ukrayna ətrafında baş verənlər, o cümlədən Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Ukraynaya səfərindən gözlənilən nəticə barədə bayraqdar.info-ya dəyərləndirmə edən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
Kiçik ölkələr düşünürlər ki…
Onun sözlərinə görə, həmin maraq dairəsinə salınan kiçik ölkələr düşünürlər ki, sanki böyük güclər, necə deyərlər, onların “qara qaşına, qara gözünə aşiq olublar” və ona görə də bu ərazilərə nüfuz edir, dəstək verirlər: “Bu kiçik dövlətlər “böyük güclər bizə demokratiya gətirəcək, bizim təhlükəsizliyimizi təmin edəcək” xülyası ilə yaşayarlar. Xülya ona görə deyirəm ki, bunların heç biri reallıqda öz əksini tapmır. Bəlli olur ki, demokratiya da, təhlükəsizlik məsələsi də sadəcə böyük güclərin öz məqsədlərinə çatmaq üçün əldə rəhbər tutduqları boş şüardır. Gercəklik isə tamamilə başqadır”.
Müsahibimiz qeyd edib ki, Ukrayna ətrafında cərəyan edən son proseslər də yuxarıdakı məqamları bir daha ortaya çıxardı: “Mövcud durum, o cümlədən Ukraynanın ərazilərinin bir qisminin Rusiya tərəfindən işğalı, bir qisminin isə separatçıların nəzarətində olması rəsmi Kiyevi özünə etibarlı müttəfiqlər, dostlar axtarmağa vadar edir. Bu baxımdan Ukraynanın sözügedən istiqamətdə çabaları anlaşılandır. Ancaq bir şeyi unutmaq olmaz. Ukrayna kimi ölkələr öz təhlükəsizliyini sadəcə Qərbə, yaxud da Rusiyaya etibar etdiyi zaman bu çox sağlam nəticələr doğura bilməz. Əksinə təhlükəsizliyin təmini barədə düşündüyü halda, ölkə daha da təhlükəli duruma düşürülə bilər”.
Qərbin heç də sona qədər etibarlı dost, yaxud müttəfiq olmadığı ortadadır
Bildirilib ki, keçmişdə yaşanan Gürcüstan nümunəsində olduğu kimi Qərbin heç də sona qədər etibarlı dost, yaxud müttəfiq olmadığı ortadadır: “Yəni böyük güclər öz məqsədləri, hansısa planları naminə kiçik dövlətlərdən istifadə edir, sonra da qəfildən geri addım atırlar. Nəticədə də kiçik ölkələr İbh Haldunun “coğrafiya bir taledir” fəlsəfəsindən irəli gələrək qonşuluqda olan nəhəng ölkənin, imperiyanın caynağında qalır”.
Y.Karauz Gürcüstanı heç də təsadüfən xatırlatmadığını deyib: “Məlum olduğu kimi ABŞ Gürcüstandan öz məqsədləri naminə istifadə etdi. Sonra isə Gürcüstanı Rusiya ilə baş-başa qoyub, geri çəkildi. Əslində, ABŞ bunu Suriya, İraq, ən son isə Əfqanıstanda da etdi. Hətta Əfqanıstanda 20 ildir Birləşmiş Ştatlar üçün çalışan insanları belə götürmədən bu ölkədən çıxıb, getdi”.
Bu kontekstdə Türkiyə mühüm aktor kimi önə çıxır
Türkiyəli general bildirib ki, bu baxımdan Ukraynanın da Qərbə, ABŞ-a güvənərək addım atması bir qədər təhlükəli görünə bilər: “Çünki ABŞ-ın, Qərbin Ukraynanı sonuna qədər müdafiə edəcəyi az inandırıcı görünür. Üstəlik ara-sıra istər Vaşınqtondan, istərsə də Avropanın bəzi paytaxt şəhərlərindən edilən açıqlamalar da Ukrayna rəsmilərini bir daha prosesləri götür-qoy etməyə sövq edir. Yəni Ukrayna daha etibarlı dosta, regionda əbədi sülhün olmasında həqiqətən də maraqlı olan vasitəçiyə ehtiyac duyur. Bu kontekstdə də Türkiyə mühüm aktor kimi önə çıxır. Türkiyənin həm Qərbi, həm də Rusiyanı yola gətrirmək üçün təcrübəyə malik olması da unudulmamalıdır. Türkiyə mövcud problemdən çıxış üçün yol xəritəsi hazırlaya biləcək bir dövlət ağlına sahibdir. Amma təbii ki, bunun üçün müəyyən zaman və daha çox çaba lazımdı. Çünki Ukrayna məsələsi artıq bir dövlətin məsələsi olmaqdan çıxıb. Hazırda məsələ Qara Dənizin təhlükəsizliyi, boğaz keçidləri və qlobal prizmadan baxanda ABŞ-Rusiya, Rusiya –Avropa, Rusiya-NATO mübarizəsidir. Təəssüflər olsun ki, Ukraynada bəzən bunu sadəcə Ukrayna-Rusiya qarşıdurması kimi dəyərləndirirlər. Amma bu son dərəcə bəsit yanaşmadır”.
Y.Karauz deyib ki, dolayısı ilə prosesə qlobal prizmadan yanaşdıqda görürük ki, burada böyük güclərin qlobal maraqları var: “ABŞ, Avropa və NATO Rusiyanı hər tərəfdən mühasirəyə alaraq zərərsizləşdirmək, beləliklə də Rusiyanın Qara Dənizdəki təsirini aradan qaldırmaq istəyir. Bu isə Qara Dəniz sahilindəki bütün dövlətlərə təsir edəcək. Rusiya uzun illərdi bu regionda hərbi varlığını artırır. Ona görə də Ukrayna daha ağıllı və planlı addım atmalıdır. Əks təqdirdə Almaniya kimi Ukrayna da iki hissəyə bölünə bilər. Yəni Ukrayna dik durmalıdır, amma müttəfiq məsələsində də tam arxayınlaşmamalı, yalnız Qərb və ABŞ arxayın olaraq addım atmamalıdır”.
Recep Tayyib Erdoğanın Ukraynaya səfəri mühüm əhəmiyyət kəsb edir
Beləliklə, bütün bunların fonunda Türkiyə Cümhurbaşqanı Recep Tayyib Erdoğanın fevralın 3-də Ukraynaya edəcəyi səfər mühüm əhəmiyyət kəsb edir: “Çünki dediyimiz kimi Türkiyə həm Qərb, həm də Rusiya ilə münbit münasibətlərə malikdir. Eyni zamanda Türkiyə Ukrayna və Rusiyanı bir masa arxasında oturdub, proseslərdə uğurlu vasitəçilik edə bilər. Nəzərə alsaq ki, R.T.Erdoğanın Ukraynaya səfərindən sonra Rusiya Prezidenti Vladimir Putinin də Türkiyəyə səfəri gözlənilir, o zaman Türkiyənin gərginliyin aradan qaldırılması səylərinin nəticə verəcəyinə ümidlər birə beş artır”.