Son yeniləmə: 3 Fevral 2022 17:06
Bayraqdar.info – Fevralın 2-də Türkiyədəki azərbaycanlı gənclərin onlayn toplantısı keçirilib. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) tərəfindən təşkil edilən tədbirə Türkiyənin müxtəlif şəhərlərində yaşayan və təhsil alan gənclər qatılıblar.
Bu barədə bayraqdar.info-ya fevralın 3-də TADEF-dən məlumat verilib.
Bildirilib ki, tədbirin moderatoru Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri, TADEF sədrinin gənclərlə iş üzrə müavini Uzm. Əcz. Cavid Aydın öncə Azərbaycanda gənclərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini deyib. Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
C.Aydın Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Sonra çıxış edən TADEF-in sədr müavini Pərviz Məmmədzadə 22 dərnəyi birləşdirən Federasiya ilə Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşlığından danışıb. Bu əməkdaşlıq nəticəsində gənclərin fəaliyyəti üçün də münbit şəraitin yaradıldığını deyən P.Məmmədzadə gəncləri daha fəal olmağa səsləyb.
Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin gənclərlə iş sektorunun müdiri Emin Rüstəmov isə Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı üçün görülən işlərdən danışıb. E.Rüstəmov DİDK-in də gənclərlə bağlı silsilə tədbirlər keçirdiyini xatırladıb.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Elşən Hüseynov da öz növbəsində bütün iştirakçıları Gənclər Günü münasibətilə təbrik edib.
Görüş Türkiyədə yaşayan gənclərin çıxışları ilə davam edib. Tokat Azərbaycanlı Tələbələr Dərnəyinin sədri Seymur Ağayev, Bursa GİMAZDER Gənclər sədri Elnur İsmayılov, Bursa Tələbə Birliyinin nümayəndəsi Adil Əlisoy, Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclər sədri Uzm. Üst. Nurlan Maarif, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Gənclər sədri Vüsalə Hacıyeva çıxış edərək yaşadıqları şəhərlərdə gənclərin qarşılaşdıqları çətinlikləri dilə gətirib, təkliflərini irəli sürüblər.
Görüşdə qonaq qismində iştirak edən Azərbaycanın xalq artisti Əlixan Səmədov və tanınmış skripka ifaçısı Ceyhun İsmayılov gəncləri bayram münasibətilə təbrik ediblər.
Tədbirə yekun vuran Cavid Aydın gənclər üçün görüləcək işlərin daha da artacağını bildirib.