Press "Enter" to skip to content

Prof. Dr. Fuat Erdal: 13 ildir Azərbaycanda uzaqdan təhsil xidmətlərimiz davam edir – ÖZƏL

Prof. Dr. Fuat Erdal

Son yeniləmə: 3 Fevral 2022 14:44

Bayraqdar.info – “Anadolu Universiteti olaraq hər zaman Azərbaycana, buradakı Türkiyə və Azərbaycan vətəndaşlarının bizim ali təhsil müəssisəmizdə məsafədən – distant təhsil almasına xüsusi diqqətlə yanaşmışıq. Bu gün dünyanın 40 ölkəsinin türkcə danışan insanlarına xidmət edən açıq öyrətim sistemimizin Azərbaycandan da tələbə qəbul etməsi bizi məmnun edir. Bu səfərdən də çox məmnun qaldıq”.

Bunu bayraqdar.info-ya özəl müsahibəsində Anadolu Dövlət Universitetinin (Türkiyə) rektoru Prof. Dr. Fuat Erdal dedi. Azərbaycana 6 günlük səfərin nəticələrini yüksək dəyərləndirən rektor Vətən müharibəsində əldə edilən tarixi Zəfərin türk dünyasında da böyük sevinc və fəxarətlə qarşılandığını bildirdi. Səfər zamanı keçirilən görüşlər və tədbirlərlə bağlı məlumata, həmçinin suallarımıza cavaba keçməzdən öncə olduqca sıx səfər qrafikinə baxmayaraq müsahibəyə vaxt ayırdığı üçün cənab F.Erdala təşəkkürümüzü bildiririk.

“Türk şəhidliyi” abidəsi Türkiyə-Azərbaycan qardaşlığının bir simgəsidir

Beləliklə, müsahibə zamanı da vurğulandığı kimi Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdalın başçılıq etdiyi və Universitetin prorektorları Prof. Dr. İbrahim Kaya ilə Prof. Dr. Ali Resul Usulun daxil olduğu nümayəndə heyəti səfərin ilk günü, yanvarın 26-da Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Universitetin “Azərbaycan Proqramları” Koordinatoru Azər Hətəmov və Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangının müşayiəti ilə Fəxri Xiyabana gələn qonaqlar Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə tər güllər düzüblər.

Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə gül qoyublar.

Türk Şəhidliyi abidəsini də ziyarət edən qonaqlar 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü və Bakının azad edilməsi uğrunda həlak olmuş Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsini dərin hörmət və ehtiramla anaraq məzarları üstünə qərənfillər düzüblər.

Müsahibəsində öncə bu məqama toxunan Prof. Dr. Fuat Erdal “Şəhidlər Xiyabanını, buradakı Türk Şəhidliyi abidəsini ziyarət edərkən bir daha xalqlarımızın qardaşlığının əbədi və sarsılmaz olduğunun şahidi oluruq. Bakıdakı Türk Şəhidliyi abidəsi Türkiyə-Azərbaycan qardaşlığının bir simgəsidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi “Bir millət – iki dövlət” olan Azərbaycan-Türkiyə qardaşlığının hər keçən gün daha da güclənməsi üçün hər birimiz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməliyik”, – deyib.

Qeyd edək ki, səfərin ilk günü nümayəndə heyətinin həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşü olub. Görüşdə səfirə həm səfərin məqsədi, həm də ümumilikdə görülən işlər barədə ətraflı məlumat verilib.

1 milyon 200 min tələbəsi ilə dünyanın 3-cü ən böyük universiteti

Yanvarın 28-də isə rektorun rəhbərlik etdiyi nümayəndə heyəti Anadolu Universitetinin Azərbaycandakı tələbələrinə əlavə texniki xidmətlərin göstərildiyi binanı ziyarət edib. Öğrenci işleri müdiri Araz Hətəmzadə nümayəndə heyətini öncə burada tələbələr üçün yaradılmış şəraitlə tanış edib və son illər ərzində görülmüş işlər haqqında ətraflı məlumat verib. Bu şəraitin yaradılmasında ATİB-in dəstəyi də xüsusi olaraq qeyd olunub. Daha sonra rektor və nümayəndə heyəti universitetin bir qrup məzunu ilə görüşüb.

Bu görüşdən hansı təəssüratla ayrılmalarına dair sualı cavablandıran rektor bildirib: “Bu səfərin əsas məqsədi buradakı təmsilçilərimizlə, xüsusilə də tələbələrimizlə görüşmək, onlarla yaxından tanış olmaq idi. Tələbələrlə görüşdə də vurğuladığım kimi açıq və uzaqdan təhsil proqramları da əyani təhsil qədər əhəmiyyətli və keyfiyyətlidir. Universitetimizin mövcud tələbə potensialı və uğurlarına gəlincə qeyd edim ki, Anadolu Universiteti 1 milyon 200 min tələbəsi ilə dünyanın 3-cü ən böyük universitetidir. Hazırda Eskişehirdə əyani təhsil alan 22 min Türkiyə vətəndaşı olan tələbəmiz var. Eyni zamanda 1500 xarici tələbəmiz var ki, onların da arasında ölkə üzrə birinci yerdə Azərbaycandan olan (250) tələbələr dayanır. Azərbaycanlı tələbələrimizin bizim üçün xüsusi bir dəyəri var.

Anadolu Universiteti Açıq öyrətim sahəsində 40 illik böyük təcrübəyə sahibdir və hazırda 30-a yaxın ölkədə bu sistem üzrə tələbələrimiz var. Təbii ki, bu sırada qardaş Azərbaycanın yeri bir başqadır. Bu gün Azərbaycandakı Türkiyə vətəndaşları ilə yanaşı azərbaycanlı tələbələrimizə də dərs verməkdən, onları məzun etməkdən qürur duyuruq. Hazırda Amerikadan tutmuş Orta Asiyaya qədər dünya üzrə bizim açıq öyrətim proqramları əsasında təhsil alan tələbələrimizin imtahanıdır. Yəni eyni anda eyni suallarla dünyadakı bütün tələbələrimiz imtahana girdilər. Bu səfər zamanı Azərbaycandakı tələbələrimizin imtahanlarında da iştirak etdik. Onu da qeyd edim ki, tələbələrlə görüşdən sonra məzunlara diplomlarını təqdim etdik. Düzdür COVID-19 pandemiyası şərtlərinə uyğun olaraq mərasimi böyük təmtəraqla keçirə bilmədik. Əminəm ki, Universitetimizdən əldə etdikləri bilik və bacarıqla onlar Azərbaycana, o cümlədən türk dünyasına uğurla xidmət edəcəklər”.

Türkiyənin ən böyük təhsil ixracatçısı

Səfər çərçivəsində Azərbaycanın müxtəlif universitetlərinin təmsilçiləri ilə də görüşdüklərini deyən rektor “Azərbaycan universitetləri ilə əməkdaşlığınız hansı səviyyədədir” sualına aşağıdakı cavabı verib: “Əslində biz 2013-cü ildən etibarən Azərbaycanın müxtəlif universitetləri ilə əməkdaşlıq protokolu imzalamışıq. Yəni 10 ilə yaxındır ki, Azərbaycan universitetləri ilə əməkdaşlığımız mövcuddur. Bu səfər zamanı isə həm bir növ o əməkdaşlığımızı yeniləmiş olduq, həm də yeni əməkdaşlıq imkanlarımızı müzakirə etdik. Bu dəfə Dövlət İqtisad Universiteti və Dövlət İdarəçilik Akademiyası rəhbərliyi ilə görüşlər keçirdik. Bakıdakı görüşlərimiz zamanı açıq öyrətim və distant təhsil sahəsində həmin universitetlərlə hansı formada əməkdaşlıq edə biləcəyimizi müzakirə etdik”.

Müsahibimiz onu da qeyd edib ki, dövlətimiz dünyaya, xüsusən də bütün qardaş coğrafiyalara təhsil xidmətlərinin göstərilməsi baxımından mühüm işlər görür. Bu çalışmalara uyğun olaraq müasir təhsil texnologiyalarının təqdim etdiyi bütün imkanlardan istifadə edərək illərdir gənclərimizə və hər bir yaş kateqoriyasındakı insanlara keyfiyyətli ali təhsil xidmətləri göstərən sistemimiz var. Açıq oyrətim sistemimiz Türkiyənin xüsusən də distant təhsildə fəxridir. Ölkəmizin ən böyük təhsil ixracatçısıyıq. Avropa, Afrika və Amerikadan sonra bu il Özbəkistan, Qırğızıstan və Qazaxıstan başda olmaqla türk cümhuriyyətlərində yeni təşkilatlanmaya girdik. Özbəkistanda üç yüzə yaxın tələbəmiz var”.

Rektora növbəti sualımız isə birbaşa tələbələrlə, daha doğrusu onların davamiyyəti ilə bağlı oldu. Beləliklə, “Anadolu Universitetində açıq öyrətim sistemi üzrə 4 semestr qeydiyyatdan keçməyənlərin tələbəlik hüququndan tamamilə məhrum olduqları barədə xəbərlərin əsası varmı” sualına cavabında rektor deyib: “Bəli, doğrudur. Amma bu, bizim, yaxud da başqa bir universitetin verdiyi qərar deyil. Bu, birbaşa Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurasının (YÖK) verdiyi qərardır. Özü də təkcə açıq öyrətim sisteminə deyil, bütün ali təhsil sisteminə aiddir. Yəni bu qərar bütün tələbələrə şamil edilir. Tələbələr diqqətli olmalı, semestrlərə ardıcıl qeydiyyatdan keçməlidirlər. Açıq öyrətim sistemində təhsil alan bütün tələbələr arasından passivdə olanlar da tez bir zamanda aktivə keçib təhsillərini davam etdirməlidirlər”.

O da qeyd olunub ki, Anadolu Universitetində Karyera ofisi fəaliyyət göstərir: “Karyera ofisimizin üç məqsədi var. Birincisi tələbələrimizin mövcud karyera planlarını hazırlamaq, ikincisi təcrübələrini asanlaşdırmaq, üçüncüsü isə məzunlarla əməkdaşlığı genişləndirməkdir. Bir sözlə, istər əyani təhsil, istərsə də açıq öyrətim təhsili olsun, karyera məsələsinin üzərində çalışırıq. Bu istiqamətdə bəzi şirkət, qeyri-hökumət təşkilatları və dövlət qurumları ilə əməkdaşlıq sazişləri imzalayırıq”.

İkinci Qarabag savaşında şəhid olanların ailə üzvlərinə və qazilərə təqaüd verəcəyik

Sonda “44 azərbaycanlı tələbəyə burs verəcəyinizi bildirmişdiniz. Bununla bağlı hansı addımlar atılacaq” sualını cavablandıran rektor deyib: “Öncə onu deyim ki, qardaş Azərbaycanın bu qələbəsi bizləri də məmnun etdi. Başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla bu tarixi Zəfərdə əməyi olan hər kəsə təşəkkür edir, şəhidlərimizi isə rəhmət və minnətlə anırıq. Artıq 13 ildir ki, Azərbaycanda təhsil xidmətlərimiz davam edir. Eyni zamanda Qarabağda da açıq öyrətim büromuzu açmaq üçün işlərimiz davam edir. Anadolu Universiteti Azərbaycanın insan kapitalının güclənməsinə töhfə vermək üçün bütün gücü ilə buradadır və hər zaman burada olacaq. Konkret sualınıza gəlincə deyim ki, bəli, Anadolu Universiteti olaraq qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi şərəfinə İkinci Qarabag savaşında şəhid olanların ailə üzvlərinə və qazilərə (ümumilikdə 44 nəfər) təqaüd verəcəyik”.

Mission News Theme by Compete Themes.