Press "Enter" to skip to content

KTN-in təlimlərində 8 minə yaxın əməkdaş

Son yeniləmə: 3 Fevral 2022 16:30

Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) əməkdaşları “2021-ci il üzrə Kənd Təsərrüfatı Nazirliyinin Təlimlər Planı”na əsasən təşkil edilən 233 təlimdə iştirak ediblər.

KTN-dən bayraqdar.info-ya bildirilib ki, təlimlər Nazirlik sistemində çalışan və kənardan cəlb edilmiş müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər tərəfindən keçirilib. Təlimlər bitkiçilik, heyvandarlıq, baytarlıq, torpaqşünaslıq, informasiya-kommunikasiya texnologiyaları, şəxsi inkişaf, ISO standartları, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi və digər sahələr üzrə keçirilib. Nazirlər Kabinetinin COVID-19 pandemiyası ilə bağlı tətbiq etdiyi xüsusi karantin rejimi nəzərə alınmaqla onlayn və ənənəvi formatda keçirilmiş təlimlərdə 7 min 694 əməkdaş iştirak edib.

““ADDIE” modelinə əsaslanaraq növbəti təlimlərin təşkili üçün təlim tələbatının müəyyən edilməsi məqsədilə hər təlimdən sonra iştirakçılar arasında sorğular keçirilib. Bu sorğular vasitəsilə iştirakçılar tərəfindən təlimin qiymətləndirilməsi aparılıb, toplanmış datalar analiz edilərək nəticələri nazirliyin mərkəzi məlumat bazasına yerləşdirilib.

““Employee Onboarding” proqramı çərçivəsində Nazirlikdə işə qəbul olan 255 yeni əməkdaşın beynəlxalq təcrübəyə əsaslanan formatda mühitə uyğunlaşması və tapşırıqların icra edilməsinə başlanılması istiqamətində işlər görülüb. Yeni çalışmağa başlayan əməkdaşların adaptasiya prosesini sürətləndirmək məqsədilə onlara mentor və kouçlar təyin edilib. Nazirlikdə pozitiv iş mühitinin qorunub saxlanması məqsədilə əməkdaşlar arasında məmnuniyyət, məşğulluq və digər sorğular keçirilib.

“Şanlı Azərbaycan ordusunun qələbəsi nəticəsində azad olunmuş ərazilərdə çalışan Nazirlik əməkdaşlarının maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə görüş keçirilib.Əməkdaşlar təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılıb, onlara buklet və iştirakçı pasportları təqdim edilib”, – deyə KTN-in xəbərində bildirilir.

Mission News Theme by Compete Themes.