Son yeniləmə: 3 Fevral 2022 13:36
Bayraqdar.info – Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
DSX-nin Mətbuat Mərkəzindən bayraqdar.info-ya bildirilib ki, hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə komandanlarının məruzələri dinlənilib, DSX-nın rəisi general-polkovnik Elçin Quliyev yekun hesabat məruzəsi ilə çıxış edib. O, hərbi birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2022-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.
2021-ci ilin Prezident, Azərbaycan tarixinin ən böyük sərkərdəsi İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra DSX qarşısında qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik sahəsində sərhəd mühafizə infrastrukturunun bərpası, Zəngilan, Qubadlı və Laçın rayonları ərazilərində Azərbaycan-Ermənistan dövlət sərhədinin müdafiə və mühafizəsi sisteminin yaradılması, işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi potensialının gücləndirilməsi, düşmənin təxribatlarının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılması ilə əlamətdar olması qeyd olunub.