Press "Enter" to skip to content

CHP-çi deputat HDP zehniyyəti sərgilədi…

Azər Həsrət

Son yeniləmə: 3 Fevral 2022 19:08

Bayraqdar.info – Bizim heç dəyişməyən bir qaydamız var: qardaş Türkiyənin iç siyasətinə qarışmarıq. Hakimiyyət başında kim olarsa, müraciət edəcəyimiz, sayğı duyacağımız və Türkiyə adına qəbullanacağımız şəxs odur. Yəni bəllidir ki, iqtidarlar gələr, gedər, dövlətsə qalıcıdır, əbədidir. Ona görə də özəlliklə siyasi partiyalar arasındakı çəkişmələrə heç qarışmaz, yalnız dövlətlə hesablaşarıq.

Eynisini xaricdəki dostlarımızdan da Azərbaycana münasibətdə gözləyirik, arzu edirik. Elə Türkiyənin özündə xeyli sayda dostlarımız var ki, onlar Azərbaycanın içindəki siyasi çəkişmələrdən uzaq durar, dövlət başçısı İlham Əliyevi ən ali rəhbər kimi qəbul edər, ölkənin heç bir iç məsələsində tərəf tutmazlar.

Belə bir yanaşma həm bizim, həm də ki, Türkiyədəki dostlarımızın qarşılıqlı şəkildə xalqların iradəsinə sayğısından irəli gəlir. Çünki hər bir dövlətin rəhbərini və ümumilikdə iqtidarını həmin ölkənin xalqı müəyyən edər, əcnəbilərin qarışması yanlış olar. Zatən bu yanlışı əngəlləmək üçün elə bizim də qanunlarımızda aydın ifadələr yer alıb.

Bu girişimiz təsadüfi deyil. Sözümüzün canı odur ki, bəzən qardaş ölkənin bəzi üzdə olan siyasətçiləri arasında həddini aşaraq Azərbaycana çamur atanlar da olur. Və təəssüf ki, belələri bir qayda olaraq soldan – Cümhuriyyət Xalq Partiyası – CHP-dən (və ya eyni səfdə yer tutan Xalqın Demokratiya Partiyası – HDP) boy verir. Hətta bəzən elə hallar olur ki, Türkiyədəki solların hədsizliyi Azərbaycan ictimai rəyini əməlli-başlı çilədən çıxarır…

Haşiyə: CHP böyük öndər Mustafa Kemal Atatürkün partiyasıdır. Amma yazıqlar olsun ki, indiki CHP-də Atatürkdən əsər-əlamət belə qalmayıb. Bu partiya öz əsl liderindən sonra bəzən Türkiyə siyasi tarixi üçün böyük ayıb sayılacaq əməllərə belə yol verib. Və verməyə də davam edir. Hələ biz CHP iqtidarının 1944-cü ildə Türkiyəyə sığınmış 146 Azərbaycanlını SSRİ-yə geri verdiyini, geri verilənlərin məhz sərhəddə – türklərin gözü qarşısında güllələndiyini demirik. Tarixə “Boraltan faciəsi” kimi düşmüş bu olaydan sonra CHP, əslində, özünü buraxmalı, siyasi səhnədən çəkilib getməliydi…

İndi də belə bir hal yaşanır. Yenə də CHP, yenə də Azərbaycana dil uzatma. Bu dəfə Aykut Erdoğdu adlı millət vəkili Azərbaycanın adını dəxli olmayan qarmaqarışıq məsələlərdə hallandırır. Biz onun müxalifət təmsilçisi olaraq AKP iqtidarını hədəfə almasına, tənqidlər səsləndirməsinə qarışmırıq. Amma qardaş ölkəyə hər imkanda əlini uzadan Azərbaycanı niyə hədəfə aldığını anlamaqda çətinlik çəkirik.

Nə imiş?

Azərbaycanın qaz layihələrində şəffaflıq yoxmuş, filan falan!

Heç dəxli var?

Azərbaycan TANAP, TAP kimi iri layihələrlə həm qardaş ölkəni, həm də Avropanı qazla təmin edir. Əlbəttə ki, qazın qiyməti, tranzit haqqı və bənzər xərclərlə bağlı vaxtaşırı müzakirələr də olacaq, qiymət dəyişməsi də. Çünki bütün dünyanın gözü qarşısında neftin-qazın qiyməti anbaan dəyişir və Azərbaycan da bu sahədə sayılıb-seçilən ölkələrdən biri kimi qiymətlə bağlı maraqlarını qorumalıdır.

Bu məsələyə Azərbaycan Xarici İşlər Nazirliyindən yetərincə ayrıntılı cavab verildiyi üçün üzərində dayanmırıq.

Tamamilə əsassız ittihamları rədd edirik

Amma maraqlı bir məqamı da gözardı edə bilmərik. Örnək üçün, bu A.Erdoğdu görəsən 44 günlük savaş günlərində Azərbaycan xalqının haqq savaşında onun üçün nəsə edibmi? İnternetdə axtarış apardıq. Adamdan bir kəlmə belə yoxdur! Yəni adicə bir sözlə də dəstək ifadə etməyib! Üstəlik, Zəfər münasibətilə Azərbaycana bir təbriki belə çox görüb! İndi bu adam yatıb-qalxıb, Azərbaycanın adını hallandırır. Özü də elə bir şəkildə ki, iki ölkə xalqını üz-üzə gətirsin.

Keçməz bu, keçməz. Biz Azərbaycan xalqının fərdləri olaraq HDP kimi PKK uzantısına qucaq açan CHP zehniyyətinin iki qardaş ölkə arasına nifaq salmasına əsla və əsla izn vermərik!

Kiminsə siyasi hesabları varsa, öz ölkəsində, öz meydançasında oynasın. Bu hesablar üçün ət və dırnaq qədər bir-birinə bağlı olan Azərbaycanla Türkiyənin arasını vurmağa cəhd belə göstərməsin. Necə ki, ət və dırnaq arasına girənlər irin olub oradan çıxar, Azərbaycanla Türkiyə arasına girənlər də eynən o irin misalı bir qədər yaşarlar…

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.