Press "Enter" to skip to content

CASCFEN sədrindən gənc rəssamlar üçün təklif

Son yeniləmə: 3 Fevral 2022 14:35

Bayraqdar.info – Fevralın 2-də Bakıda “Zəfərlə irəli gənclər” adlı sərgi-tədbir keçirilib. Azərkitab-Kitab mərkəzində keçirilən, layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərova olan sərgidə 80 gənc rəssam 80 əsəri ilə iştirak edib.

Bu barədə bayraqdar.info-ya E.İsgəndərova məlumat verib.

Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan 2 Fevral – Gənclər Gününun 25 illiyinə həsr olunmuş sərginin açılış mərasimində millət vəkili Razi Nurullayev, İkinci Qarabağ müharibəsinin qaziləri, həmçinin tədbirin dəstəkçiləri “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri, “Koshiki Karate” Fedarasiyasının vitse-prezidenti, professor Ənvər Həzərxanov, “Galera” Sənət Mərkəzinin direktoru Mənsur Əsgərli, KİV nümayəndələri, rəssamlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Pandemiya qaydalarının tələbləri nəzərə alınmaqla keçirilən tədbiri giriş sözü ilə E.İsgəndərova açıb. O, ölkəmizdə həyata keçirilən gənclər siyasətindən ətraflı bəhs edib. Həmçinin bu siyasətin yaradıcı gənclərin inkişafına da dəstək olduğunu deyib: “Hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Bu il həmin günün rəsmən elan edilməsinin 25-ci ildönümüdür. Biz də bu günə özəl olaraq gənc rəssamların vətənpərvərlik, Azərbaycan mövzularında çəkdikləri rəsmlərin sərgisini təşkil etməyə qərar verdik”.

Çıxışında tədbirə dəstək verən təşkilatlara da minnətdarlıq edən E.İsgəndərova bu cür sərgilərin davamlı olacağını deyib.

Sonra çıxış edən tədbirin fəxri qonağı, millət vəkili Razi Nurullayev sərginin gənclərin dünya görüşündə böyük rol oynadığını bildirib və hər bir iştirakçını təbrik edərək, uğurlar arzulayıb. Millət vəkili gəncləri daim fəal olmağa səsləyib.

Belə bir tədbirə dəstək verməkdən qürur duyduqlarını deyən CASCFEN sədri Nadir Azəri Gənclər Gününün əhəmiyyətinə toxunub. Qeyd olunub ki, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, təqvimdə gənclər üçün xüsusi bir gün müəyyən edilib və hər il həmin gün dövlət səviyyəsində qeyd edilir: “Məlum olduğu kimi Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb”.

Çıxışında Prezident İlham Əliyev tərəfindən gənclərə xüsusi önəm verildiyini, gənclərlə bağlı çeşidli proqramların həyata keçirildiyini də deyən N.Azəri daha sonra gənc rəssamlar üçün təkliflə çıxış edib: “Fevralın 28-də Azərbaycanda COVID-19-a yoluxmuş ilk xəstənin qeydə alınmasının iki ili tamam olur. Bu bəla hələ də dünyanı narahat etməkdədir. Mən təklif edirəm ki, gənc rəssamlarımız COVID-19-un insan həyatındakı izinə aid rəsmlər çəksinlər. Bu rəsimlərin sərgi-satışı təşkil edilsin. Azərbaycandakı xarici ölkə səfirliklərinin də dəvət olunacağı həmin sərgidən əldə edilən gəlir də YAŞAT Fonduna köçürülsün. Biz CASCFEN olaraq belə bir sərgi-satışın təşkilinə dəstək verməyə hazırıq”.

Tədbirdə həmçinin “Koshiki Karate” Fedarasiyasının vitse-prezidenti, professor Ənvər Həzərxanov, “Galera” Sənət Mərkəzinin direktoru Mənsur Əsgərli, İkinci Qarabağ müharibəsinin qaziləri Turan Hüseyinli və Tural Əsgərov çıxış edərək, gənclərə uğurlar arzulayıblar.

Çıxışlardan sonra qazilər qardaş Türkiyənin “İyilik Üretenler” dərnəyinin “Kahraman Gazi Onur belgesi” ilə təltif olunublar. Qazilərə həmçinin Faberlik şirkətinin nümayəndəsi Gülarə Əhmədovanın adından hədiyyələr də təqdim edilib.

Sonda sərgidə əsəri sərgilənən rəssamlar Fəxri fərmanlarla təltif olunublar.

Sərgi-tədbirin bədii hissəsində gənc rəqqasə Fatimə Rüstəmova iki rəqs nümunəsi ilə çıxış edib.

Mission News Theme by Compete Themes.