Press "Enter" to skip to content

Rejim bütün sahələrdə Güney Azərbaycana qarşı təzyiqlər edir

Mahmud Bilgin

Son yeniləmə: 1 Fevral 2022 21:38

Mahmud Bilgin: 2022-ci ildə Güney Azərbaycanda daha çox iqtisadi problemlərdən doğan narazılıqlar ön plana çıxacaq

Bayraqdar.info – “Ümumilkdə İran prizmasından baxanda deyə bilərik ki, 2022-ci ildə Güney Azərbaycanda əsas məsələ iqtisadiyyat və maliyyə problemi olacaq. Bu məsələ Güney Azərbaycanda xüsusi olaraq qabarır. Çünki həm İranın mövcud vəziyyətindən doğan, həm də rejimin Güney Azərbaycana qarşı həyata keçirdiyi təzyiq siyasətindən irəli gələrək iqtisadi problemlər üst-üstə toplanıb.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

Meşələrimiz qırılır, qızıl mədənlərimiz talanır, çaylarımız qurudulur

2022-ci ildə Güney Azərbaycan Milli Hərəkatının əsas hədəfinin nə ola biləcəyinə dair sualı cavablandıran M.Bilgin öncə bildirib ki, mövcud İran rejimi bütün sahələrdə xalqımıza basqılar edir: “Məhz bu basqılar nəticəsində Güney Azərbaycan milli və ərazi problemi ilə üzləşib. Dilimizi, torpaqlarımızı əlimizdən alırlar, bizə qarşı süni problemlər yaradırlar. Yəni bu problemlər barədə çox deyildiyi üçün bir daha onların üzərində dayanmaq istəmirəm. Amma qeyd edirəm ki, 2022-ci ildə Güney Azərbaycanda daha çox iqtisadi problemlərdən doğan narazılıqlar ön plana çıxacaq. Çünki İran iqtisadi baxımdan hazırda bərbad durumdadır. Qərbin qoyduğu embarqolar isə vəziyyəti daha da pisləşdirib. Bu da hər an İranda sosial partlayışın baş verməsi ehtimalını daha da gücləndirir”.

Müsahibimiz, “bu iqtisadi böhran fonunda Güney Azərbaycana basqıların da davam etməsi, bizim təbii sərvətlərimizin talan edilməsi, əvəzində isə Güney Azərbaycan türklərinin hər keçən gün daha da pis duruma salınması bu dəfə sosial partlayışın məhz Güneydə baş verəcəyini deməyə əsas yaradır. Bu gün meşələrimiz qırılır, qızıl mədənlərimiz talanır, çaylarımız qurudulur, milli kimliyimizn məhvi istiqamətində hər keçən gün daha çox basqılar edilir. Bütün bunlar da xalqın səbr kasasını daşdırıb”, – deyə vurğulayıb.

O da qeyd edilib ki, İranın builki büdcəsinə nəzər yetirəndə mövcud rejimin Güney Azərbaycana yanaşması aydın olur: “Belə ki, büdcəni əyalətlər üzrə böləndə görürük ki, fars bölgələrinə ayrılan vəsait Güney Azərbaycandakı bölgələrə ayrılan vəsaitdən bəzi yerlərdə 7, bəzi yerlərdə isə hətta 10-15 dəfə artıqdır. Eyni zamanda bölgələrə enerji ayrılması məsələsində də bizə qarşı ayrı-seçkilik özünü bütün çılpaqlığı ilə ortaya qoyur”.

İran hökuməti 180 kilometrlik yolu 33 ildir çəkib qurtara bilmir

Onun sözlərinə görə, həm bu sadalananlar, həm də infrastruktur məsələsində bilərək yol verilənlər Güney Azərbaycan türklərinin etiraz aksiyaları ilə meydanlara çıxmasına səbəb ola bilər: “Təsəvvür edin, 33 ildir iki Azərbaycan şəhəri – Miyanə ilə Qoşaçay arasında avtomobil yolu çəkilir. Amma hələ də tamamlanmayıb. İran hökuməti 180 kilometrlik yolu 33 ildir çəkib qurtara bilmir. Bu günə kimi bu yolun ancaq üçdə bir hissəsi tamamlanıb. Çünki İran rejimi bunda maraqlı deyil. Burda bir şeyi xatırlatmaq istəyirəm. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə qısa zamanda, bir il ərzində yüz kilometrlərlə yol çəkdi. Bax, burdan da öz dövlətinin olması, öz büdcənə özünün nəzarət etməyinin üstünlükləri bir daha aydın şəkildə ortaya çıxır”.

“Traktor”u zəiflətmək üçün müxtəlif yollara baş vurulur

Qeyd olunub ki, eyni düşmən mövqe “Traktor” futbol klubuna qarşı da tətbiq olunur: “Rejim Güney Azərbaycan türkünün hayqıran səsi, dirənişinin simvolu olan “Traktor”u zəiflətmək üçün müxtəlif yollara baş vurur. Büdcəsi azaldılır ki, güclü oyunçular klubdan uzaq düşsün”.

“Bütün bunları xatırlatmaqla yanaşı onu qeyd etmək istəyirəm ki, Güney Azərbaycan Milli Hərəkatının ağırlığını öz üzərinə götürən təşkilatlara bu il daha çox vəzifə düşür. İstər Güney Azərbaycanın daxilində, istərsə də xaricdə fəaliyyət göstərən bu təşkilatlar xalqı mütəşəkkil qaydada təşkilatlandırmalıdır ki, ümumi məqsədə nail olunsun. Eyni zamanda xalq sabah hansısa etiraz aksiyasına qalxanda başsız qalmamalıdır. Qazaxıstanda baş verən son olaylar bu məsələdə daha ayıq-sayıq olunmasını tələb edir. Yəni sosial tələblərlə ayağa qalxan xalqın haqlı tələbindən hansısa məkrli qüvvələrin öz çirkin məqsədləri üçün istifadə etməsinə imkan verilməməlidir”, – deyə M.Bilgin sonda əlavə edib.

Mission News Theme by Compete Themes.