Son yeniləmə: 1 Fevral 2022 11:52
Bayraqdar.info – Bir müddət öncə Bakı Karagümrük Uşaq Futbol Məktəbinin fəaliyyətə başlaması haqqında məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, bu məktəb iki tərəf arasında bağlanan müqavilə əsasında bu il iyulun 1-dən Azərbaycanda fəaliyyət göstərir.
Uşaq futbolunun inkişafı üçün Türkiyə təcrübəsindən yararlanmaq niyyətindəyik
Bakı Karagümrük Uşaq Futbol Məktəbinin rəhbəri Salman Atluxanov bayraqdar.info-ya açıqlamasında hazırda burada 30-dan çox uşağın futbolun sirlərini öyrəndiyini bildirmişdi. O, uşaq futbolunun inkişafı üçün Türkiyə təcrübəsindən yararlanmaq niyyətində olduqlarını da bildirmişdi.
Bu günlərdə əldə etdiyimiz məlumat isə futbolun sirlərini öyrənən uşaqların onlara olan ümidləri doğrultmaq üçün var gücləri ilə çalışdıqlarından xəbər verir. Belə ki, kiçik həvəskar turnir kimi dəyərləndirilən yarışda Bakı Karagümrük Uşaq Futbol Məktəbinin komandası qaliblər sırasında olub.
Bu barədə bayraqdar.info-ya özəl açıqlama verən S.Atluxanov deyib ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş həvəskar futbol turnirində müxtəlif klubları təmsil edən 10-a yaxın komanda yarışıb: “Komandalar 2008-2009-cu il təvəllüdlü uşaqlardan ibarət olub. Yarışda əzmlə mübarizə aparan məktəbimizin komandası zəhmətin heç də hədər getmədiyini isbatladılar. Bu turnirdə gələcəyinə böyük ümidlər bəslədiyimiz Əhməd Qafarovun kapitanlıq etdiyi komandamız üçüncü yeri tutdu. Hədəfimizi digər yarşlara qatılaraq təcrübəmizi daha da inkişaf etdirməkdir”.