Press "Enter" to skip to content

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan

Son yeniləmə: 31 Yanvar 2022 08:21

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümüdür

Bayraqdar.info – Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümüdür.

Xatırladaq ki, M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub. Oranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı Texniki Məktəbində, rus dilində davam etdirib.

1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda çar Rusiyasının müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

O, həmçinin gənc yaşlarında sosial-demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən M.Ə.Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

M.Ə.Rəsulzadə 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Ümumrusiya Müəsisslər Məclisinə Azərbaycan və Türküstandan millət vəkili seçilib.

1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. M.Ə.Rəsulzadə səs çoxluğu ilə Milli Şuranın sədri seçilib.

O, 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay olub. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib.

Onu da qeyd edək ki, M.Ə.Rəsulzadə 1953-cü il mayın 28-də Amerikanın Səsi radiosu vasitəsilə Azərbaycan xalqına müraciət edib. Onun həmin müraciətin sonunda dediyi aşağıdakı kəlmələr bu gün də dillər əzbəridir: “Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

M.Ə.Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, 1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” Sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycanda və ölkədən kənarda silsilə yubiley tədbirləri keçirilib.

Mission News Theme by Compete Themes.