Press "Enter" to skip to content

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq

Son yeniləmə: 31 Yanvar 2022 17:02

Bayraqdar.info – Aqrar İnnovasiya Mərkəzi mütəmadi olaraq Azərbaycanda kənd təsərrüfatı məhsul istehsalçıları üçün innovativ məhsul və texnologiyaların təşviqi və təbliği məqsədilə regionlarda innovasiya festivalları keçirir. Bu festivallarda Rusiya şirkətləri də öz məhsulları ilə iştirak edə bilərlər.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə bu ölkənin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatları ilə keçirilən onlayn görüşdə məlumat verilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələri və elmi-tədqiqat institutlarının əməkdaşları iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bayraqdar.info-ya yanvarın 31-də verilən məlumata görə, görüşdə Rusiya Federasiyasının Dağıstan Respublikası, Volqoqrad və Tümen vilayətlərinin ixraca dəstək mərkəzləri tərəfindən seçilmiş şirkətlər kənd təsərrüfatının bitkiçilik sahəsində məhsuldarlığın artırılması, torpaq münbitliyinin yaxşılaşdırılması, xəstəliklərə qarşı bitki mühafizə vasitələri ilə bağlı məhsulların və texnologiyaların təqdimatını keçiriblər. Rusiya şirkətlərinin nümayəndələri Azərbaycanın yerli şirkətləri və elmi-tədqiqat institutları ilə birlikdə kənd təsərrüfatında ən son yenilikləri tətbiq etməyə hazır olduqlarını bildiriblər.

Görüşün sonunda Azərbaycanın aqrar sektorunda innovasiyaların tətbiqinin mümkünlüyünü və effektivliyini yoxlamaq məqsədilə Rusiya şirkətlərinin texnologiyalarının ölkəmizdə sınaqdan keçirilməsi üçün birgə pilot layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub.

Mission News Theme by Compete Themes.