Press "Enter" to skip to content

Eskişehir daha bir tarixi tədbirə ev sahibliyi etdi

Oral Büyüksarı

Son yeniləmə: 31 Yanvar 2022 08:44

Oral Büyüksarı: Cahan bəyliyinin təməlləri burada atılıb

Bayraqdar.info – Yanvarın 27-nin Osmanlı Dövlətinin banisi Osman bəyin adına ilk xütbənin oxunmasının növbəti ildönümünün olması barədə xəbər vermişdik. Türk Dünyası Platformu və Turan Dünyası Egitim ve Kültür Derneyinin başqanı Oral Büyüksarıya istinadən verdiyimiz həmin xəbərdə Eskişehirdə də bu münasibətlə böyük bir tədbir keçiriləcəyini bildirmişdik.

Eskişehir möhtəşəm tədbirə hazırlaşır

Beləliklə, həmin tədbir baş tutub. Bu barədə bayraqdar.info-ya O.Büyüksarı məlumat verib.

Onun sözlərinə görə, Eskişehir Osmangazi Universiteti ilə birgə hazırlanan 4 günlük tədbir proqramına əsasən yanvarın 28-də Eskişehirdəki Karacaşehir məscidində çox gözəl bir tədbir keçirilib: “Öncə məsciddə cümə namazı qılındı və təmsili xütbə oxundu. Daha sonra ənənəmizə sadiq qalaraq iştirakçılara Türk Dünyası Platformu adından çorba və Osmanlı ətli plovu payladıq”.

Qeyd edilib ki, Eskişehirdəki Karacaşehir məscidi Osmanlı Dövlətinin quruluşunun elan edildiyi ilk cümə xütbəsinin oxunduğu və Osman bəyin “Bəy” adı aldığı yer olaraq tanınır. Ona görə də hər il olduğu kimi bu il də cümə namazından öncə Odunpazarı İlçə Müftülüyü vaizi Necati Erdağlının xütbəsi ilə Osmanlı Dövlətinin quruluşu yad edilib.

Karacaşehir məscidində xütbə oxunarkən

Sonra çıxış edən O.Büyüksarı günün önəmi barədə danışıb. Bu tədbirlə Osmanlı Dövlətinin quruluşunu yad etdiklərini deyən O.Büyüksarı daha sonra aşağıdakıları bildirib: “Bu gün Eskişehir Karacaşehir məhəlləsindəyik. Buranın tarixi bir önəmi var. Osmanlı Dövləti qurularkən ilk xütbənin oxunduğu məscid burada yerləşir. Tarixçilər arasında məscidin 1297-ci və ya 1300-cü ildə tikilməsinə dair fikirlər var. Dəyişməyən tək bir şey var. O da məhz burada ilk xütbənin oxunması və Osman bəyin “Bəy” olaraq elan edilməsidir. Daha sonra dünyaya 600 il hökm edən imperatorluğun, cahan bəyliyinin təməlləri burada atılıb. Bizlər də Eskişehirdə onların nəvələri olaraq qeyri-hökumət təşkilatları ilə birlikdə qurduğumuz Türk Dünyası Platformu ilə bu anlamlı günü təmsili xütbə ilə qeyd edirik”.

Daha sonra Necati Erdağlı xütbəni oxuyub. N.Erdağlı onu da deyib ki, sözügedən tarixi xütbə o dövrdə Dursun Fakih tərəfindən oxunub.

“Türk dünyasının problemləri və həll yolları” panelinin iştirakçılarından bir qrupu

Yanvarın 29-da isə Eskişehir Osmangazi Univerisitetində “Türk dünyasının problemləri və həll yolları” mövzusunda panel təşkil edilib. Paneldə Qafqaz Universitetlər Birliyi (KUNİB) başqanı Prof. Dr Ramazan Korkmaz, Avrasya Yazarlar Birliyi başqanı Doç. Dr. Yakup Öməroğlu, həmçinin Prof. Dr. Ramazan Durmaz, Prof. Dr. Fırat Purtaş, Abdulmukaddes Kutlu, Eskişehir Osmangazi Univerisiteti Türk Dünyası Öğrenci Kulubu və bir çox qeyri-hökumət təşkilatı üzvləri qatılıb.

Paneldə eyni zamanda Türk Dünyası Birlik Platformu ilə gələcəkdə birlikdə həyata keçirilməsi planlaşdırılan layihəlrədən də bəhs edilib.

Məlumat üçün bildirək ki, bu tədbirlər Türkiyənin çeşidli mətbuat orqanlarında geniş şəkildə işıqlandırılıb.

Mission News Theme by Compete Themes.