Telman Nüsrətoğlu: “Osmanlı Hariciyesinin Güney Kafkasya raporları”nda Azərbaycanla bağlı ilk dəfə dərc olunan çoxlu sayda arxiv sənədləri var
Bayraqdar.info – Məlum olduğu kimi türk-İslam dünyasının son böyük dövləti, imperatorluğu olan Osmanlı əsrlər boyunca Asiya, Avropa və Afrika qitələrində hakimiyyətini davam etdirib. Osmanlı fərqli dinləri, dilləri, mədəniyyətləri təmsil edən çoxsaylı xalqları da böyük bir xoşgörü ilə öz bayrağı altında idarə etmişdi. Osmanlı əsrlər boyu super güc olaraq bütün sahələrdə öz mövqeyini qorumuşdu.
Buna görə də Osmanlı arxivləri geniş coğrafiyaların, geniş qitələrin, eyni zamanda yaddaşı durumundadı. O cümlədən də Cənubi Qafqazla bağlı da Osmanlı arxivlərində kifayət qədər qiymətli materiallar var.
Bu barədə yanvarın 28-də Bakı Yunus Emre İnstitutunda keçirilən və tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlunun müəllifi olduğu “Osmanlı Hariciyesinin Güney Kafkasya raporları (1852-1914)” adlı kitabın təqdimatı zamanı bildirildi.
Cahit Bağcı: Bu kitab bizləri o dövrdə baş verənlərlə yaxından məlumatlandırır
Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilk olaraq belə bir tarixi sənədlərlə zəngin kitabın ərsəyə gəlməsinə görə müəllifi təbrik etdi. Səfirin sözlərinə görə, bu kitab Osmanlı arxivlərində olan və bu günə kimi tədqiq edilməyən arxiv sənədlərini gün üzünə şıxarmaqla yanaşı, bizləri o dövrdə baş verənlərlə yaxından məlumatlandırır.
Kitabın dipolmatik əlaqələr, o cümlədən Osmanlının həmin dövrdəki diplomatlarının hesabatlarının gün üzünə çıxarılması baxımından önəmini vurğulayan səfir “Bakıda Osmanlı İmperiyanın ilk diplomatik təmsilçisi (Başşehbenderi –red.) Sabık Refet bəy 1887-ci ildə görəvinə başlayarkən, bu gün, bu vəzifəni 2022-ci ildə Türkiyə Cümhuriyyətinin səfiri olaraq biz icra edirik”, – deyə əlavə etdi.
Selçuk Karakılıç: Bu kitab əlamətdar bir vaxtda işıq üzü görüb
Mərasimdə çıxış edən Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç bu kitabın əlamətdar bir vaxtda işıq üzü gördüyünü dedi.
Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin bərpasının 30-cu ilinin tamam olduğunu bildirən S.Karakılıç bu kitabda əks olunan sənədlərin də bir qisminin məhz Osmanlı ilə Cənubi Qafqaz, xüsusilə də Azərbaycan arasında diplomatik əlaqələrlə bağlı olduğunu vurğuladı.
Bir çox sahələrin təmsilçiləri üçün zəngin mənbə
Çıxışlarda o da xüsusi olaraq qeyd edildi ki, tariximizin öyrənilməyən səhifələrinə işıq salan kitab bir çox sahələrin təmsilçiləri üçün zəngin mənbədir. Bildirildi ki, Cənubi Qafqaz Osmanlı arxivləri baxımından ən az araşdırılmış mövzulardan biridir: “Məhz buna görə də həmin sahə hazırda araşdırmaçıların, həmçinin elm adamları və tarixçilərin diqqətini çəkir. Xüsusilə də rus işğalından sonrakı dövrdə Osmanlı – çar Rusiyası münasibətləri kontekstində Qafqazda və müsəlman xalqları arasında nələrin baş verməsi maraq doğurur. Yəni həmin vaxt Cənubi Qafqazda baş verənlərin Rusiya-Osmanlı münasibətlərinə təsirinin öyrənilməsi önəm kəsb edir”.
Telman Nüsrətoğlu: Regionla bağlı ümumilikdə 300-ə yaxın önəmli arxiv sənədləri kitabda çap olunub
Mərasimdə çıxış edən T.Nüsrətoğlu kitabda nələrin əks olunduğu barədə aşağıdakıları dedi: “Bilirik ki, 1852-ci ildən etibarən Osmanlı dövləti Cənubi Qafqazın böyük şəhərlərində şehbenderlik, yəni baş konsulluqlar açmağa başlayıb. Osmanlı Xarici İşlər Nazirliyinə bağlı olan bu qurumların hesabatlarının, bura ilə bağlı fəaliyyətlərinə dair məlumatların öyrənilməsi çox mühümdür. Xüsusilə Azərbaycan prizmasından baxsaq, Azərbaycan müsəlmanları ilə Osmanlının XIX əsrin son XX əsrin əvvəllərində nə kimi münasibətlərinin olması ilə bağlı arxiv materilları xüsusi maraq doğurur. Hesab etdik ki, bu baxımdan da həmin dövrə aid şehbenderlik dosyalarının araşdırılması mühüm nəticələrə yol aça bilər. Bundan yola çıxaraq bu kitabı ərsəyə gətirdik”.
Bildirildi ki, kitab Ankarada çap olunub: “Uzun illər Osmanlı arxivlərində aparmış olduğumuz tədqiqatların nəticəsi olaraq “Osmanlı Hariciyesinin Güney Kafkasya raporları”nda adlı kitabımız işıq üzü görüb. Kitab hazırlanarkən 1852-1914-cü illəri əhatə edən çoxlu sayda və qiymətli arxiv materialları təftiş edilib. Yekun olaraq regionla bağlı ümumilikdə 300-ə yaxın önəmli arxiv sənədləri kitabda çap olunub”.
O da xüsusi olaraq vurğulandı ki, bu kitabda Azərbaycanla bağlı ilk dəfə yayınlanan çoxlu sayda arxiv sənədləri var: “Bu sırada erməni məsələsi, erməni terrorunun tarixinə dair də qiymətli sənədlər var. Bundan başqa bu kitabda Hacı Zeynalabdin Tağıyevin rəhbərlik etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin Anadoluya yardımları, Azərbaycandakı qəzetlər və jurnalların fəaliyyətləri, Əhməd Ağaoğlu kimi Osmanlı imperatorluğu üçün də müstəsna şəxsiyyətlər, “Difai” təşkilatı, həmçinin Bakıda baş verən hadisələrlə bağlı qiymətli arxiv sənədlərindən də bəhs edilir. Bir sözlə, Osmanlı dövlətinin 1852-1914-cü illərdə Cənubi Qafqazda açmış olduğu konsulluqlar bu kitabda ilk dəfə geniş bir şəkildə tədqiq olunub. Yəni, “Osmanlı Hariciyesinin Güney Kafkasya raporları”nda Azərbaycanla bağlı ilk dəfə dərc olunan çoxlu sayda arxiv sənədləri var. Onu da deyim ki, kitabın hazırlanması üçün Osmanlı arxivlərində çalışmamızda Yunus Emre İnstitutu bizə yaxından dəstək verib”.