Son yeniləmə: 28 Yanvar 2022 13:26
Yeganə Hacıyeva: Qış Olimpiya Oyunları Çinin indiki rəhbərliyi üçün mühüm əhəmiyyət kəsb edir
Bayraqdar.info – “Rusiya ilə Ukrayna arasındakı gərginlik öz aktuallığını qoruyur. Qərbin də bu məsələyə yanaşmasından sonra gərginlik yeni fazaya qədəm qoyub. Belə demək mümkünsə Ukrayna-Rusiya gərginliyi öz yerini Qərb-Rusiya gərginliyinə verib”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, hazırda gərginliyin hərbi qarşıdurmaya keçməməsi üçün diplomatik səylər də edilir: “O cümlədən Çindən də Ukrayna-Rusiya gərginliyi ilə bağlı bir çağırışın olmasına dair məlumatlar yayılıb. Həmin məlumatlarda deyilir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Pekin Qış Oyunları müddətində Ukraynaya hərbi müdaxilə etməməyə çağırıb”.
Politoloq bildirib ki, bu xəbər dünya miqyasında heç də birmənalı qarşılanmayıb: “O mənada ki, bir qisim bunu Çin rəhbərliyinin ancaq öz dövlətinin marağını düşündüyü kimi dəyərləndirib. Yəni Çin tərəfinin Rusiyaya heç olmasa Olimpiya Oyunları dövründə Ukraynaya hücum edilməməsinə dair müraciətinin bir qədər diplomatik qaydalar baxımdan etik görünmədiyi iddia edilir”.
Y.Hacıyevanın sözlərinə görə, bu müraciət heç də təsadüfi deyil. Daha doğrusu, dərinə gedəndə Çin rəhbərliyinin bu cür müraciəti etməsinin həqiqətən də birbaşa ölkənin maraqları və mövcud hakimiyyətin siyasi maraqları baxımından etdiyi qənaəti formalaşır: “Məsələ burasındadır ki, Si Cinpin bu vaxta kimi artıq iki dəfə hakimiyyətdə olub və üçüncü dəfə yenidən hakimiyyətdə qalmaq istəyir. Bunun üçün də mövcud hakimiyyətin həm daxili, həm də xarici siyasətdəki uğuru kimi qəbul ediləcək Olimpiya Oyunlarında möhtəşəm bir təqdimatla çıxış etmək niyyətindədirlər. Yəni bu beynəlxalq idman oyunundan Çinin mövcud rəhbərliyi həm də siyasi məqsədlər üçün istifadə etmək istəyir. Buna görə də uzun müddətdir bu möhtəşəm tədbirə hazırlıq görülür. Məhz belə bir vaxtda Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma olarsa bu Olimpiya Oyunlarını ikinci plana keçirəcək, dünyanın diqqəti Pekinə yönəlməyəcək. Ona görə də Çinin mövcud rəhbərliyi Qış Olimpiya Oyunları müddətində müharibənin olmaması üçün cəhdlər edir. Bir sözlə, bu beynəlxalq idman yarışı Çinin indiki rəhbərliyi üçün mühüm əhəmiyyət kəsb edir”.