Press "Enter" to skip to content

Bank kartlarının iki üzünün şəklini heç kimə göndərməyin

HACKER

Son yeniləmə: 28 Yanvar 2022 12:34

Bayraqdar.info – “Bəzən informasiya texnologiyalarından istifadə edilməklə, beynəlxalq internet şəbəkəsi üzərindən həyata keçirilən alış-veriş zamanı alıcıların dələduzluq yolu ilə aldadılması və pul vəsaitlərinin ələ keçirilməsi hallarına təsadüf olunur.

“Belə qanunsuz hallarla qarşılaşmamaq, dələduzların cinayətkar əməllərinin qurbanlarına çevrilməmək üçün vətəndaşlar elektron ticarət (e-ticarət) zamanı müəyyən təhlükəsizlik tədbirlərinə riayət etməlidirlər. Əsas alış-veriş etmək istədikləri e-ticarət saytının, o cümlədən çoxsaylı alıcıların qoşulduğu saytlarda həmçinin satıcının etibarlılığına dair əvvəlcədən ətraflı araşdırma aparmalıdırlar. Bu barədə alıcıların e-ticarət saytında qeyd etdikləri reytinqlər nəzərə alınmalı, onların mənfi və müsbət rəylərini oxuyaraq fikirlərini öyrənməlidirlər”.

Bu məlumat Daxili İşlər Nazirliyi (DİN) Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində vətəndaşların dələduzlar tərəfindən aldadılmamaları üçün yaydığı maarifləndirici materialda yer alıb.

Daha sonra bildirilir: “Vətəndaşlar e-ticarət saytının və sayt üzərindən satış həyata keçirən satıcıların real əlaqə vasitələrinə, o cümlədən rəsmi hüquqi ünvana, fəaliyyət göstərən telefon nömrəsi və elektron poçt ünvanına malik olmasına diqqət yetirməlidirlər. Habelə, mübahisəli halların (alınmış malın geri qaytarılması, ödənişin geri tələb olunması və sair) həll edilməsi üçün aydın şəkildə göstərilmiş dəqiq müraciət mexanizminin mövcudluğuna xüsusi diqqət yetirməli, insanların daha çox müraciət etdiyi e-ticarət saytlarından istifadə etməli, ayrı-ayrı fiziki şəxslərlə elektron şəkildə alış-veriş aparmaqdan çəkinməlidirlər.

“Unutmaq olmaz ki, fərdi məlumatlar çox önəmlidir, onlara əlahiddə dəyər verilməli və qorunmalıdır. Elektron ticarətlə məşğul olan saytlara alış-veriş üçün tələb olunandan artıq informasiya vermək məqsədəuyğun deyil”.

Ünvanı HTTPS:// olmayan internet resurslarına inanmayın

DİN bildirir ki, digər tərəfdən, potensial alıcılar e-ticarət saytına daxil olarkən, həmin saytda elektron qaydada ödəniş həyata keçirərkən istifadə etdikləri internet brauzerin (məsələn Google Chrome, İnternet Explorer, Safari, Firefox və sair) ünvan sətirində qeyd olunmuş ünvanın düzgünlüyünə, habelə yaşıl rəngli kilid işarəsi olmasına və ünvanın HTTP:// ilə deyil, məhz HTTPS:// ilə başladığına əmin olmalıdırlar. Əks halda saytda apardığınız bütün əməliyyatlar, daxil etdiyiniz fərdi məlumatlarınız və ödəniş karta aid məlumatlar beynəlxalq internet şəbəkəsində tam açıq şəkildə mübadilə ediləcək.

Daxili İşlər Nazirliyi

“Vətəndaşlar almaq istədikləri malın xüsusiyyətlərinə (ölçüləri, ağırlığı, rəngi, yeni olub-olmaması, istehsal edən şirkət, mənşə ölkəsi və sair), habelə çatdırılma şərtlərinə (o cümlədən malın hazırda yerləşdiyi yer və sifariş etdikləri yerə çatdırılmanın mümkünlüyü) əvvəlcədən xüsusi diqqət etməli, sual doğuran məqamları yazılı şəkildə satıcıdan soruşmalıdırlar.

“Hər bir alış həyata keçirilərkən sonradan istinad etmək üçün müvafiq unikal tranzaksiya nömrəsi də daxil olmaqla elektron poçt ünvanlarına bildirişin təqdim olunduğundan əmin olmalı, belə bildiriş almadıqları halda mövcud ekran görüntüsünü çap edərək saxlamalıdırlar. Elektron ticarət zamanı ödəniş nağd şəkildə deyil, böyük həcmli ödənişlər bank vasitəsilə həyata keçirilməlidir.

“E-ticarət saytına daxil olmaq üçün istifadə etdikləri kompyuter, planşet və mobil telefon qurğusunun əməliyyat sisteminin, internet brauzerin və digər bütün proqram təminatlarının mütəmadi şəkildə avtomatik yeniləndiyindən əmin olmalı, internet mühitində zərərli proqram təminatlarından və kibermüdaxilələrdən mümkün qədər qorunmaq üçün etibarlı antivirus proqram təminatından istifadə edilməlidir”.

DİN qeyd edir ki, vətəndaşlar istifadə etdikləri şifrənin böyük və kiçik hərflərdən, habelə rəqəmlərdən və digər simvollardan ibarət mürəkkəb xarakterə malik şifrə olduğuna əmin olmalı, şifrəni mütəmadi aralıqlarla dəyişməlidirlər. Eyni şifrəni müxtəlif saytlarda təkrar istifadə etmək, açıq “Wi-Fi” şəbəkələri üzərindən e-ticarət saytlarına daxil olmaq məsləhət deyil.

Vətəndaşlar şəxsi məlumatlarını yaddaş kartlarında saxlasınlar

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları mütəxəssisi Nəriman Zeynalov bayraqdar.info-ya açıqlama verib. Açıqlamasında o bildirib ki, burada əsas səbəb insanların özlərinin məsuliyyətli olmalarıdır. Hazırda ən çox aldadılma üsullarından biri vətəndaşların hər hansı elan saytında satış elanı yerləşdirmsindən sonra baş verir. Elanı görən “kimsə” onunla müştəri kimi əlaqə saxlayır. Bank kartının olub-olmadığını dəqiqləşdirir. Bundan sonra “alıram” deyən dələduz vətəndaşdan kartın hər iki tərəfinin şəklini çəkib göndərməsini istəyir. Kart sahibləri də adətən ya məlumatsız, ya da təcrübəsizlikdən kartın hər iki üzünün şəklini göndərirlər. Məlum şəxs də artıq o platformadan əməliyyat edə bilir. Kartda pul varsa, onu başqa yerə tranfer edə bilir. “Bu məsələnin Azərbaycanda ən çox yayılmış metodlardan biridir. Sosial şəbəkələrdən də görmək olur ki, bu formada aldadılmış xeyli sayda insan var. Adətən, buna yaşlı adamlar daha çox aldanır. Gənc nəsil daha çox məlumatlıdır. Bundan başqa, banklarda da bu barədə müştərilərə kifayət qədər məlumat verilmir.

Həmsöhbətimiz bildirir ki, Azərbaycana bu yöndə müdaxilələr əsasən Hindistan və Pakistan ərazisindən daha çox olur. Tutaq ki, sizin elektron ünvana hər hansı sənəd göndərilir. Siz məktubu açan kimi avtomatik haker qoşulur sizin kompüterdən bütün məlumatlarınızı əldə edir. Onun sizin kompüterə ötürdüyü proqramın içində təbii ki, öznünün əlavə etdiyi proqram da olur. Forma olaraq eyni görünür. Tutaq ki, internetdən video kəsmək üçün bir proqram yükləyirsiniz, həmin proqramın içində də haker prorramı olur və siz proqramı açan kimi dərhal haker proqranmı işə düşür”.

N.Zeynalov onu da vurğulayır ki, bütün bunlardan qorunmaq üçün şəxsi məlumatların qorunması üçün maksimum şəkildə komputerlərdə lisenziyası sındırılmış proqramlardan az istifadə edilməlidir. “Axtarış sistemində axtarılan proqramlar var ki, onlara fikir vermək lazımdır. Ödəniş əsasında proqramlardan istifadə edilsə, daha yaxşı olar. Bir də ki, iş komputerində şəxsi məlumatları az saxlamaq daha məqsədəuyğundur. Daha yaxşı olar ki, şəxsi məlumatlar yadaş kartlarında saxlansın.

“Birbaşa zənglə də aldatmaq metodu var. Zəng edən şəxs özünü bankın əməkdaşı kimi təqdim edir, ona kartında hər hansl bir problem olduğunu bildirir, kartın hər iki tərəfinin şəklini istəyir və bundan sonra da pul köçürməsi əməliyyatını yerinə yetirə bilir.

Həmçinin, sosial şəbəkələr üzərindən banklar adından səhifələr açaraq vətəndaşlara birbaşa mesaj yazaraq özlərini bank əməkdaşı kimi təqdimetmə faktları da mövcuddur. Buna görə də vətəndaşlardan kart məlumatlarını heç kimə verməsinlər.

Mission News Theme by Compete Themes.