Press "Enter" to skip to content

“Azərsu”dan işğaldan azad edilmiş ərazilərlə bağlı daha bir addım

Son yeniləmə: 28 Yanvar 2022 18:36

Bayraqdar.info – “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə, həmçinin içməli su çatışmazlığı problemi olan yaşayış məntəqələrində xidmətin keyfiyyətinin yüksəldilməsi və operativliyin artırılması məqsədilə tədbirləri davam etdirir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən bu tədbirlər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə istismar işlərinin asanlaşdırılması və işçilərin əmək şəratinin yaxşılaşdırılması məqsədilə yeni nəqliyyat vasitələri alınaraq xidmət ərazilərinə yola salınıb.

Bu barədə bayraqdar.info-ya yanvarın 28-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindəm məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində ötən müddətdə 350-dək obyekt içməli su ilə təmin edilib. Su mənbələrindən uzaq və infrastrukturun mövcud olmadığı ərazilərin su təchizatı xüsusi sudaşıyan maşınlar vasitəsi ilə təmin edilib.

Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nəqliyyat vasitələri əraziyə cəlb olunub. Xidmət ərazisinin getdikcə genişlənməsi və içməli suya tələbatın artması, həmçinin istismar olunan qurğuların əhatə dairəsinin genişlənməsi nəzərə alınaraq yeni nəqliyyat vasitələrinin alınması zərurəti yaranıb.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən xidmət sahələri üçün 6 pik-up tipli avtomobil, 18 ton tutumu olan 4 ədəd sudaşıyan maşın, 3 ekskovator və qəza-bərpa xidməti üçün 1 ədəd UAZ markalı nəqliyyat vasitəsi alınıb.

Bu nəqliyyat vasitələri işğaldan azad olunmuş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında, Hadrut qəsəbəsində xidməti istifadə üçün nəzərdə tutulub.

Bundan başqa, yay aylarında su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrinə suyun çatdırılması məqsədilə əlavə maşınlar alınıb. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin parkında olan 8 ədəd 18 tonluq yeni sudaşıyan maşın regionlara göndərilib.

Mission News Theme by Compete Themes.