Press "Enter" to skip to content

Yücel Karauz: Uzunmüddətli müharibə tərəflərə sərf etmir

Dr. Yücel Karauz

Son yeniləmə: 27 Yanvar 2022 19:11

Ümid edirəm ki, bu proses fonunda dünyanın yenidən bölüşdürülməsinə cəhdlər edilməz

Bayraqdar.info – “Hazırda dünyanın diqqəti Ukrayna ilə Rusiya arasındakı böhrana yönəlib. Ancaq bu ilk baxışdan Ukrayna ilə Rusiya arasındakı gərginlik kimi görünsə də əslində Rusiya ilə ABŞ, yaxud da Rusiya ilə Qərb arasındakı gərginlikdir. Hazırda hər kəs bu gərginliyin müharibəyə çevrilib-çevrilməyəcəyi, müharibə olacağı təqdirdə onun hansı areala yayıla biləcəyi ətrafında baş sındırır”.

Bunu bayraqdar.info-nun “Rusiya-Ukrayna gərginliyi müharibəyə çevrilə bilərmi” sualını cavablandıran Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Müsahibimiz suala konkret cavab verməzdən öncə bir əsas məqama diqqət yetirmənin vacib olduğunu söyləyib: “Hesab edirəm ki, öncə Ukraynanın və Rusiyanın ordusunun gücünə nəzər yetirməliyik. Bu zaman görürük ki, Rusiya ordusu öz gücünə görə dünyada 2-ci yerdə dayanır. Ukrayna ordusu isə bu sıralamada 25-ci yerdədir. Rusiya aktiv əsgər sayına görə də Ukraynanı qabaqlayır. İki ölkənin müdafiə xərcləri baxımından da Rusiya üstün mövqeyə malikdir. Beləliklə, Ukraynanın təkbaşına Rusiya ilə müharibə aparmaq imkanının çox zəif olduğunu deyə bilərik. Məhz buna görə də Ukrayna Qərbdən hərbi-siyasi dəstək gözləyir. Bu dəstək fonunda isə vəziyyət dəyişir. Söhbət ABŞ-ın timsalında NATO-nun bu müharibəyə cəlb olunmasından gedir. Bu zaman NATO-nun hərbi büdcəsinə baxsaq görərik ki bu 1 milyard 560 milyon avroya yaxındır. Həmçinin NATO üzvü ölkələrin 2020-ci ildəki müdafiə xərclərinə baxdıqda görürük ki, bu ümumilikdə 1,1 trilyon dollara yaxındır. Belə olan təqdirdə məsələ Ukrayna-Qərb birliyinin xeyrinə dəyişmiş kimi görünür”.

Y.Karauzun sözlərinə görə məsələyə NATO deyil, ABŞ-Ukrayna ittifaqı prizmasından baxanda da proses Rusiyanın əleyhinə işləyir: “Çünki ABŞ dünyada müdafiə xərclərinə ayrılan vəsaitə görə birinci yerdə dayanır. Bu 800 milyard dollara yaxındır. Rusiya isə bu sahəyə 62 milyard dollar ayırır. Hal belə olanda isə ABŞ-ın üstün mövqeyi ortaya çıxır”.

Müsahibimiz deyib ki, Rusiyanın bundan əvvəlki Gürcüstan və Krımdakı hərbi əməliyyatlardan fərqli olaraq bu gün Ukraynaya qarşı hansısa addımı Qərb tərəfindən səssiz qarşılanmayacaq: “Artıq hərbi ittifaqlar formalaşır. Rusiya ilə qarşıdurma həddinə gəlinib. Amma başqa bir tərəfdən bu gərginliyin dünya mühairbəsinə çevrilməməsi üçün diplomatik səylər davam etdirilir. Bəlli olduğu kimi, Rusiya NATO hərbi güclərinin onun sərhədləri ətrafına toplanmaması üçün yazılı təkliflər verib. Bunun ardınca ABŞ-ın Rusiyadakı səfiri ölkəsinin Rusiyanın son addımlarından doğan narahatlığın aradan qaldırılması üçün təkliflərini qarşı tərəfə təqdim edib. Yəqin ki, tezliklə Rusiya buna cavab verəcək. Eyni prosesin Rusiya ilə NATO arasında da baş verəcəyini ehtimal edirəm”.

Y.Karauz əlavə edib ki, bu gərginliyin aradan qaldırılmasındaTürkiyənin vasitəçiliyi də önəm kəsb edir: “Türkiyə həm NATO ölkəsidir, həm də Rusiya ilə normal münasibətlərə malikdir. Bir sözlə, bu böhranın Rusiyanın ABŞ və NATO ilə şəffaf şəkildə müzakirələr aparması ilə, yəni diplomatik yolla aradan qalxa bilməsi dünya düzənində daha çox arzuolunandır”.

Çinin tərəflərə müraciət edərək Qış Olimpiya Oyunları müddətində hər hansı hərbi qarşıdurmaya gedilməməsinə dair çağırışına gəlincə, türkiyəli general aşağıdakıları deyib: “Təbii ki, Çin də bu gərginliyin aradan qaldırılması, ən azından gərginliyin Olimpiya Oyunları müddətində sakitləşməsini arzulayır. Çünki belə bir halın Olimpiya Oyunlarına mənfi təsir edəcəyi sirr deyil. Qeyd edim ki, Çinin bu müraciəti bir tərəfdən məsələnin nə qədər ciddi olduğunu ortaya qoyursa, digər tərəfdən beynəlxalq münasibətlər baxımından etik olmayan bir addımdır. O mənada ki, Çinin tərəflərə müharibəni Olimpiya Oyunlarından sonraya saxlamaq təklifi diplomatik etiket baxımından mənfi dəyərləndirilməlidir. Belə çıxır ki, Çin sırf öz ölkəsinin mənafeyini güdür”.

“Bütün baş verənləri nəzərdən keçirərək belə bir qənaət ifadə edə bilərəm ki, indiki halda uzunmüddətli regional və ya tez-tez səsləndirildiyi kimi, dünya müharibəsi tərəflərdən heç birinə sərf etmir. Çünki dünyada ciddi bir iqtisadi böhran hökm sürür. Eyni zamanda pandemiya və digər qlobal problemlər fonunda həm Rusiya, həm də Qərb üçün uzunmüddətli müharibə arzuolunan deyil. Bundan başqa ümid edirəm ki, bu proses fonunda dünyanın yenidən bölüşdürülməsinə cəhdlər edilməz. Çünki belə cəhdlər edilərsə bu, dünya üçün daha böyük təhlükə yarada bilər”, – deyə sonda Y.Karauz vurğulayıb.

Mission News Theme by Compete Themes.