Press "Enter" to skip to content

Pambığın hər tonuna görə 170 manat subsidiya

"Pambıqçılıq - 2022": qarşıda duran vəzifələr" müşvirəsi

Son yeniləmə: 27 Yanvar 2022 11:56

Bayraqdar.info – Salyanda “Pambıqçılıq-2022: qarşıda duran vəzifələr” mövzusunda Respublika Müşavirəsi keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, müşavirə Salyan rayon icra hakimiyyətində keçirilib.

Müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının nümayəndələri iştirak ediblər. Həmçinin, pambıq tədarükü və emalı şirkətlərinin rəhbərləri, Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıqçılıqla məşğul olan fermerlər də müşavirəyə qatılıblar.

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qeyd edib ki, Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Salyan rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensial və ənənələr mövcuddur, aqrar sahədə göstəricilər ildən-ilə artır.

Nazir İ.Kərimov bildirib ki, pambıqçılıq ölkədə güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Bu sahənin inkişafı fermerlərimizin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına müsbət təsir edir. Son illər ərzində dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirlərinin gücləndirilməsi bu sahəni fermerlər üçün daha da cəlbedici edib. Bu sahəyə marağın artması nəticəsində pambıq istehsalının həcmi və orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir.

“2021-ci ildə Ağcabədi, Neftçala, Tərtər, Salyan və Yevlax rayonlarında orta məhsuldarlıq 30 sentnerdən çox olub. Bu rayonlarda əldə olunan göstərici ümumrespublika göstəricisindən yüksəkdir. Eyni zamanda aqrotexniki qulluq işlərinin düzgün təşkili nəticəsində respublika üzrə 1 min 202 fermer təsərrüfatında hər hektardan orta hesabla 59 sentner, 210 fermer təsərrüfatında isə hər hektardan 60 sentnerdən çox pambıq məhsulu əldə edilib.

“Ötən ilin oktyabrında pambıq şirkətləri tərəfindən pambığın alış qiymətinin hər tona görə 50 manat artırıldığını xatırladan nazir bildirib ki, müşavirə ərəfəsində KTN şirkətlərlə bu istiqamətdə müzakirələr aparıb. Müzakirələrə əsasən, şirkətlər fermerlərdən xam pambığın alış qiymətinin 2022-ci il üçün daha 50 manat artırılması barədə razılığa gəliblər. Bununla da 2022-ci ildə şirkətlər fermerlərdən pambığın hər tonunu sortundan asılı olaraq 650-750 manata alacaqlar. Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması məsələsinə bir daha baxılacaq.

“Qeyd olunub ki, Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında dəyişiklik edib. Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Məhsul subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı olmayaraq EKTİS-də öz əkinlərini bəyan etməsi kifayətdir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.