Son yeniləmə: 27 Yanvar 2022 15:17
Şuşa haqqında ilk dəfə o vaxt atamdan eşitmişdim
Bayraqdar.info – “1907-ci il martın 25-də Bakıda, Şüvəlan qəsəbəsinin Qala kəndində doğulan atamın öz vətənindən, canından artıq sevdiyi Azərbaycandan ayrı düşməsinin səbəbi onun Vətəninin sovet işğalı altına düşməsini qəbul edə bilməməsi olub. Beləliklə, Vətən sevgisi, Vətənin əsarətdə qalmasına dözməməsi atamı öz yurd-yuvasından didərgin salıb. Sovetlər tərəfindən sürgün olunduğu Türkmənistanda da rahat buraxılmayıb. Lakin möcüzə nəticəsində İrana, oradan da Türkiyəyə keçib. 18 il Elazığda yaşayan atam, təsadüfə baxın ki, Malatyanın Qala (Kale) qəsəbəsində vəfat edib. Yəni ki, Bakının Qalasında doğulub, Malatyanın Qalasında vəfat edib”.
Bunu bayraqdar.info-ya özəl müsahibəsində Azərbaycanın mühacir şairi, “Azərbaycan, mənim baxtsız anam oy” deyərək Vətən həsrəti çəkən Almas İldırımın oğlu, hazırda İzmirdə yaşayan Azər Almas deyib. Öncə qeyd edim ki, dəyərli ziyalımız, Vətən sevgisinin bədəlini canı ilə ödəyən Almas İldırımın oğlu ilə müsahibə götürmək imkanının yaradılması təklifi məni çox sevindirdi. Bayraqdar.info-nun qısa zaman ərzində həm türk dünyasında cərəyan edən proseslərə geniş yer ayırmasını, həm də Türkiyənin müxtəlif yerlərində yaşayan soydaşlarımızla əlaqələr qurmasını təqdir edən dəyərli Ali Ekber Tufan “Almas İldırımın oğlu Azər bəy İzmirdə yaşayır. Əgər müsahibə götürmək istəyirsinizə telefon nömərsini göndərim” deyəndə çox sevinmişdim. Beləliklə, A.E.Tufan bəyin vasitəçiliyi ilə A.Almasla danışıb müsahibə aldıq.
Öncə uşaqlıq illəri ilə bağlı sualı cavablandıran A.Almas dedi ki, 1933-cü il aprelin 1-də atasının son sürgün edildiyi Türkmənistanın Aşqabad şəhərində anadan olub: “Mən 3 aylıq olarkən atam və anam bir xalı karvanına qatılaraq bir çox məşəqqətlərdən sonra öncə İrana, daha sonra Türkiyəyə gəliblər. Həmin vaxt Elazığın müxtəlif qəsəbələrində müəllimlik və təhsil üzrə bölgə müdiri işləyən atam Ağın qəsəbəsinə təyinat alıb. Mən də birinci sinifə məhz Ağında getmişəm. 1940-1945-ci illərdə ilkokulu Ağında oxuyub, bitirmişəm. Sonra Elazığın mərkəzi qəsəbəsi olan Hanköyə təyinat alan atam məni Elazığ liseyinə qoyub. Atam 1950-ci ildə Malatyanın Qala qəsəbəsinə təyinat aldığı üçün mən də məcburən 1951-ci ildə Malatya liseyindən məzun oldum. Bir il sonra isə atam vəfat etdi. Beləliklə, dörd qardaş və anam sözün tam mənasında çöldə qaldıq”.
Azərbaycanla bağlı hər kiçik detal belə ona yaşamaq ruhu verirdi
Atasını necə xatırlamasına gəlincə, A.Almas öncə “atamın vətənsiz nələr çəkdiyini bilirəm. Atamı Azərbaycandan başqa heç nə maraqlandırmırdı”, – dedi.
A.Almas 1940-1945-ci illərdə Ağında oxuyarkən atası tez-tez məktəbə gəlirmiş. Həmin vaxt A.İldırım müəllimlərlə bərabər ədəbiyyat günləri təşkil edər, şagird və müəllimlərlə birlikdə ilsonu tədbirləri təşkil edərmiş: “Hətta pyeslər səhnəyə qoyardılar. Yaxşı yadımdadır, atam o məktəbdə “Məşədi İbad”ı səhnələşdirmiş, özü də bu tamaşada rol almışdı. Azərbaycanla bağlı hər kiçik detal belə ona yaşamaq ruhu verirdi. Əlinə düşən hər fürsətdən Azərbaycanın təbliği üçün istifadə edərdi”.
Azərbaycanın xəritəsini əzbər bilirdim
“Müsahibələrin birində demisiniz ki, uşaq vaxtı atam bizə tez-tez Azərbaycanın xəritəsini göstərirdi. Həmin xəritə xatirinizdə necə qalıb” sualına gəlincə müsahibimiz ağağıdakıları bildirdi: “Atam Azərbaycanın xəritəsini bir yataq örtüyünün üzərində qələmlə çəkmişdi. Sonra onu anama rəngli iplərlə işlətmişdi. Həmin xəritə atam rəhmətə gedənə qədər otaqda Mustafa Kemal Atatürkün şəkli ilə yan-yana divarda asılı idi. Atam ilk tədris ilimdə o xəritə ilə mənə Azərbaycanı şəhər-şəhər öyrətmişdi. Türkiyə xəritəsini hələ bilmədiyim halda Azərbaycanın xəritəsini əzbər bilirdim. Mən Şuşa haqqında da ilk dəfə o vaxt atamdan eşitmişdim. Bu xəritəni o qədər sevgi və dəqiqliklə öyrənmişdim ki, 1990-cı ildə ilk dəfə Azərbaycana gələndə buranı çoxdan tanıyırmış kimi seyr etdim”.
Yuxarıda vurğulandığı kimi A.İldırımın vəfatından sonra ailə çox acınacaqlı durumla üzləşib. Məhz belə bir vaxtda onların köməyinə həmin vaxt Malatya valisi olan Şefik San çatır: “Sağ olsun zamanın valisi, rəhmətlik Şefik San bizi köhnə bir anbarda yerləşdirdi və hər gün yemək verdi. Məni də həmin anbarın qapısında gözətçi kimi işə götürdü”.
Liseyin müdirinin ora gəlməsi həyatımı büsbütün dəyişdirdi
Düz deyiblər ki, Allah bir yerdən alanda, digər yerdən verir. Bunu A.Almasa da şamil etmək olar. Ancaq müsahibimizin tələbəlik illəri ilə bağlı sualımıza cavabında dilə gətirdiyi xatirələri sakitliklə qarşılamaq qeyri-mümkündür: “Beləlikə, burada işləyirdim. Ailəmizin bir qarın yeməyi vardı. Məhz belə günlərin birində vaxtı ilə təhsil aldığım liseyin müdirinin ora gəlməsi həyatımı büs-bütün dəyişdirdi. Müdir məni görüncə soruşdu ki, “Azər, sən burda nə edirsən?” Ona işlədiyimi söylədim”.
Sonra müdir valinin otağına daxil olub onunla söhbət edir. Deyir ki, Azər məktəbi birincilikə bitirib, məndən 10 qat artıq savadlıdır. Belə olmaz: “Bundan sonra vali məni çağırdı. Dedi ki, 3 qardaşın və anan mənə əmanətdir. Al bu 10 lirəni, get İstanbula. İstanbul Texniki Universitetinə qəbul olsan, sənə orada burs da təşkil edərik. Sonra da ananı və qardaşlarını yanına göndərərəm. Beləliklə, İstanbula getdim. 1953-cü ildə İTU-nu qazandım və ailəm də İstanbula gəldi. Onu da deyim ki, atamın arzusu məni mühəndis görmək idi”.
Amma bununla da problemlər bitmir. Əksinə, yeni və daha çətin dönəm başlayır. Eyni zamanda A.İldırımın dostları belə çətin zamanda ailənin imdadına yetirlər: “Təsəvvür edirsiniz, yatmağa yerim yox idi. Məzunlar cəmiyyəti mənə yataq verdi. Pilləkənlərin altında yatırdım. Yuxarıda qeyd etdiyim kimi, vali 6-7 ay sonra anamı, qardaşlarımı da qatara mindirib İstanbula – yanıma göndərdi. Bir şeyi də xüsusi vurğulamaq istəyirəm. Həmin illər İstanbulda mənə ikinci atalıq edən Mirzəbala, Nağı Keykurun və Ahmet Caferoğlu sayəsində Azərbaycan Kültür Dərnəyinin Sultanahmet kampusunda yaşamağa başladıq. Mədənlərin araşdırılması fakültəsinin bursunu qazandım və məni Alamaniyaya göndərdilər. Almaniyada bütün təcrübələrimi və magistraturamı Bochum, Essen, Dortmunt əyalətlərinin yaxınlığında tamamladım və mədən mühəndisliyi üzrə təhsil alıb 1961-ci ildə Türkiyəyə qayıtdım. Türkiyədə müxtəlif işlərdə çalışdım. İki oğlum var. Böyük oğlum İldırım Rutil Almas Bakıda 15 il işlədi. Hazırda İzmirdə çalışır. İkinci oğlum Selçuk Almas da 24 ildir İzmirdə dərman satışı ilə bağlı şirkət qurub”.
A.Almas atası ilə bağlı suallara cavab verərkən bir maraqlı məqama da toxundu: “Atam Elazığda adı olmayan, gölcük adlı bir gölün sahilində Sivricedə işləyərkən Ulu öndərimiz Mustafa Kemal Atatürkə “mən eli, yurdu oğurlanmış bir qərib qafqazlıyam” deyərək, o gölün adının Xəzər qoyulmasını xahiş edir. Beləliklə ora Bala Xəzər adlanır. Eyni zamanda Hanköyü adının Xankəndi olmasını xahiş edib. Atamın bu arzusu da yerinə yetirilib. Türkiyənin Daxili İşlər Nazirliyi də adlarla bağlı qərar qəbul edib. Bununla bağlı arxivdə də materiallar var”.
Hər il Novruzda Azərbaycana gedirəm
Müsahibəsində Azərbaycana ilk dəfə 1990-cı ildə gəldiyini deyən A.Almas bunun tairxcəsini belə nəql etdi: “Bir axşam xanımla İstanbulda evdə oturmuşduq. Telefona zəng gəldi. Cavab verdik. Dedi ki, mən Azərbaycandan gəlirəm, Zeynəb Xanlarovanının musiqiçisiyəm, İstanbulda konsert verəcəyik. Sizə bir məktub gətirmişik. Məktub indi Şüvəlanda yaşayan əmim oğlu Hacıağa Almaszadədən gəlmişdi. Onlar məni İstanbuldakı Mədən Mühəndisləri Mərkəzinin vasitəsilə tapmışdılar. Biz çox təəcübləndik. Daha sonra bir-birimizi qonaq dəvət etdik. Məlum oldu ki, mənim Mərdəkan-Şüvəlanda 20-yə yaxın qohumum, əmim oğlu, əmim qızıları var. Əmim oğlu Hacıağa Almaszadə hazırda da Qala kəndində yaşayır. Mən hər il Novruzda Azərbaycana gedir, Xəzərin sahilində bir həftə qalıram”.
İlanın dişini çıxarmadan başını oxşamaq təhlükəlidir
Müsahibimiz 44 günlük Vətən savaşının onlarda hansı hisslər oyatması ilə bağlı sualı da özünəməxsus tərzdə cavablandırdı: “Ali Baş Komandanımız İlham Əliyevin ermənilər və onların xarici havadarlarına vurduğu dəmir yumruğu ömür boyu alqışlayacağıq. Eyni zamanda, mən bir Azərbaycan türkü olaraq dəyərli cümhurbaşqanlarımıza – Recep Tayyip Erdoğana və İlham Əliyevə müraciət etmək istəyirəm. Müraciətim ermənilərlə bağlıdır. Artıq bir ildən çoxdur ki, torpaqlarımız işğaldan azad olunub. Biz o torpaqlarda ermənilərin necə vəhşiliklər törətdiklərinin, erməni vandalizminin nəticələrini televiziya ekranları vasitəsilə gözlərimiz yaşararaq izləyirik. Bu cür dağıntıları normal insan etməz. Hesab edirəm ki, erməni ayrı bulaqlardan su içmiş, insana bənzər başqa bir məxluqdur. Yəni dağıntı törətmək, vəhşilik onların genlərində var. Onlar ilan xislətlidirlər. Buna görə də onlara inanmaq olmaz. Həm Azərbaycanın, həm də Türkiyənin prezidentlərinə bunları demək istəyirəm. Bu ermənilərlə sülh müqaviləsi imzlanarkən, yəni normallaşma prosesində həddindən artıq ehtiyatlı davranmaq lazımdır. Çünki ilanın dişini çıxarmadan başını oxşamaq təhlükəlidir”.
A.Almas sonda onu da bildirdi ki, hər il Almas İldırımın doğum və vəfat günlərində Elazığda tədbirlər keçirilir. Sonuncu belə tədbir isə bu il yanvarın 15-də olub.