Son yeniləmə: 26 Yanvar 2022 13:29
Bayraqdar.info –Azərbaycan zəngin tikinti xammal ehtiyatlarına malikdir. Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. O, aparılan geniş tikinti-quruculuq işlərinin tikinti sektorunu sahibkarlıq fəaliyyəti üçün cəlbedici etdiyini vurğulayıb.
Qeyd edək ki, yanvarın 26-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Tikinti biznesi: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirələr keçirilib.
KOBİA-dan bayraqdar.info-ya verilən məlumata görə, dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyi və qurumlarının, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının nümayəndələri və tikinti biznesi ilə məşğul olan sahibkarlar iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin tikinti biznesi sahəsində mövcud vəziyyətin və sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin öyrənilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə mövcud olan təbii sərvətlər, bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılan işlər tikinti materiallarına olan tələbatı artırmaqla, eyni zamanda sektorun inkişafı üçün yeni imkanlar açıb. Bununla belə son 2 ildə pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyan tikinti bazarına da öz mənfi təsirini göstərib.
Vurğulanıb ki, postpandemiya dövründə tikinti sektoru da prioritet sahələrdən olacaq və dövlət tərəfindən dəstəklənəcək.
KOBİA sədri həmçinin sektorun üzləşdiyi çətinliklərin Agentliyin diqqət mərkəzində oluduğunu deyib. O, təkcə 2021-ci ildə tikinti məsələləri ilə əlaqədar 200-ə yaxın müraciətin daxil olduğunu, sahə üzrə problemlərin həllində və təkliflərin öyrənilməsində ictimai müzakirələrin önəmini vurğulayıb.