Son yeniləmə: 26 Yanvar 2022 09:12
Bayraqdar.info – Quba Suvarma Sistemləri İdarəsi tərəfindən yeni suvarma mövsümünə hazırlıq işlərinə başlanılıb. Bunu bayraqdar.info-ya yanavrın 26-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, bu məqsədlə torpaq məcralı kanallar lil və kol kosdan təmizlənir. Ümumilikdə isə ötən il suvarma şəbəkələrində 230 km uzunluğunda təmir-təmizləmə işləri üzrə tədbirlər həyata keçirilib.
Bununla yanaşı rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə tədbirləri görülərək, çay məcraları təmizlənib, sahilqoruyucu və su istiqamətləndirici torpaq bəndlər qurulub.
Qeyd olunub ki, Azərbaycanın ən iri meyvəçilik rayonlarından olan Qubada bol məhsul götürmək üçün suvarma suyuna böyük ehtiyac var. Uzun illər sahələri suvarmaq üçün təsərrüfat sahibləri torpaq arxlarla su aparmalı olurdular ki, bu da həm vaxt həm də su itkisinə səbəb olurdu. Təkcə ötən il rayon ərazisində 2 min metrdən artıq torpaq kanal beton üzlüyə alınıb. Bu da öz növbəsində min hektar sahəsinin vaxtinda və itkisiz suvarılmasını təmin edib.
Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində ötən il Quba rayonunda torpaq mülkiyyətçilərinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 10 ədəd subartezian quyusu istifadəyə verilib. Bununlada rayonda son illər istifadəyə verilən subartezian quyularının sayı 58-ə çatdırılıb. Daha 3 ədəd subartezian quyusunun 2022-ci ilin 1-ci rübündə istifadəyə verilməsi nəzərdə tutulub.
Onu da bildirək ki, Quba rayonunda 26 min 33 hektar suvarılan sahə mövcuddur. Ötən il bu sahələr bir neçə dəfə suvarılmaqla ümumilikdə 69 min 536 hektar sahədə suvarma işləri aparılmaqla mövsümə yekun vurulub.