Press "Enter" to skip to content

Bir dəfəyə 250-300 qramdan çox qan vermək olmaz – MÜSAHİBƏ

Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov

Son yeniləmə: 27 Yanvar 2022 00:00

Bayraqdar.info – Azərbaycanda irsi qan xəstəlikləri olan talassemiya və hemofiliyalı xəstələrin sayı gündən-günə artır. Rəsmi statistikaya nəzər yetirsək, dispanser qeydiyyatında 4 min 116 nəfər talassemiya xəstəsi, 1 min 737 nəfər isə hemofiliya xəstəsi var. Bu xəstələrə vaxtında qan vurulmasa, onların həyatı sona çata bilər. Bəzən bu xəstələrdən eləsi olur ki, ona ayda 2 dəfə qan vurulmalıdır. Bəs, qan təchizatı sahəsində vəziyyət necədir?

Müsahibimiz özü də qan xəstəliyindən əziyyət çəkən, uzun illər yataq xəstəsi olan və nəhayət öz inadı ilə yataqdan qalxan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərovdur.

– Fuad bəy, kimlər qan donoru ola bilər?

– Hər insan qan verə bilməz. Burada insanın çəkisi və boyu mühüm rol oynayır. Əsas isə yoluxucu xəstəliklərdən əziyyət çəkənlər donor ola bilməzlər. Qan verən insan əvvəlcə müayinə edilir. Ondan qan analizi götürülür. Bu prosedur Mərkəzi Qan Bankında pulsuzdur. Qan analizinin nəticəsi müsbət çıxan, heç bir problemi olmayan insanlar qan verə bilir. Əgər donorda hepatit C və ya QİCS xəstəliyi aşkara çıxarsa, bu xəstəliklər anonim saxlanılır. Həmin şəxsə müvafiq xəstəxanalarda qeydiyyata düşüb müalicə olunması haqda məlumat verilir. Donorun qanı sağlamdırsa, bir insan 250-300 qram qan verə bilər.

– Fuad bəy, necə oldu bu Assosiasiyanı yaratmaq qərarına gəldiniz?

-2007-ci ildə biz 3 nəfər – qan donoru, qana ehtiyacı olan insan, yəni mən və digər bir nəfər dostumuz tərəfindən Qan Donorları Assosiasiyasını təsis etdik. Bu Assosiasiyanın yaranmasına səbəb həmin dövrdə qan donorlarının azlığı idi. Sovetlər dönəmindən sonra Azərbaycanda qan donorluğunun səviyyəsi çox aşağı düşmüşdü. Bu sahədə insanların maariflənməsinə ciddi ehtiyac var idi. İrsi qan xəstəliyindən əziyyət çəkən hemofiliyalı, talassemiyalı və digər xəstələrin valideynləri bəzən bütün gününü sərf edib məscidlərin qarşısında gözləyirdilər ki, azan vaxtı qan qrupuna ehtiyacı olan insanın qan qrupu haqda elan versinlər. Bunu bəzən pul müqabilində belə edirdilər, qanı pulla alırdılar. Çünki təmənnasız donorluq inkişaf etməmişdi. İnsanlar könüllü şəkildə qan verməyə getmirdilər. Bunun da bir çox səbəbi var idi. Düşünürdülər ki, qan ölkədə pulla satılır, daha sonra xəstəliyə yoluxma riski var idi. Həqiqətən də o dönəmlər çox çətin dönəmlər idi. Həmçinin, bahalı reaktivlərdən düzgün istifadə olunmadığı üçün insanlar bir çox hallarda hepatit C virusuna və yaxud da QİCS-ə yoluxurdu. Bunlar bir qorxu hissi yaratdığı üçün donorluğun səviyyəsi çox bərbad idi. Bu problemlərdən əziyyət çəkən hemofiliyalı xəsətələrdən biri də mən idim. Özüm qan axtarışında olduqca çox əziyyət çəkirdim və düşünürdüm ki, problemi kökündən həll etmək lazımdır. Bu təşkilatı qurduq. Assosiasiyanın əsas məqsədi insanlar arasında maarifləndirmə işi aparılması və qan donorluğu mədəniyyətini düzgün çatdırmaq idi.

Talassemiya

– İlk işiniz nədən ibarət oldu?

– Biz təşkilatı təsis edəndə bu mövzu bir yenilik idi. Metroların qarşısında broşurlar paylayıdıq. Cəmiyyətə ötürülməli mesajları çap etdirmək üçün pulumuz olmurdu deyə, vərəqlərə qələmlə şəkillər çəkib, mesajlar yazıb insanları qan donorluğuna dəvət edirdik. Təşkilat qısa zamanda quruldu, 2008-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdi. Daha sonra bizə məlum oldu ki, dünyanın bütün ölkələrində donorluğu təbliğ edən milli cəmiyyətlər fəaliyyət göstərir. Hərəsi bir adla da olsa, qan donorları fondu, assosiasiya və s. fəaliyyət göstərirlər. Biz də beynəlxalq federasiyaya üzv olmaq üçün müraciət etdik və fədakarlığımız nəzərə alınaraq qısa müddətdə 90 ölkə arasında bizim təşkilat da Beynlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasına üzv oldu. Bununla da fəaliyyətimiz genişləndi.

– İndiyə qədər Danimarka, İslandiya, İtaliya, Paris, Litva, Portuqaliya, Hollandiyada keçirilən dünya gəncləri forumunda iştirak etmişik. Bizim könüllü üzvlərimiz beynəlxalq layihələrə qatılır. 2018-ci ildə Portuqaliyada olarkən növbəti forumun Azərbaycanda keçirilməsi ilə bağlı təklif etdik.

2019-cu ildə Azərbaycan Gənc Qan Donorlarının 19-cu Ümumdünya Forumuna ev sahibliyi etdi. Bu, Azərbaycanın səhiyyə və gənclər tarixində bir yenilik idi. Çünki bu forum səhiyyənin gənclərinin forumu, xeyriyyəçilərin forumu idi. Həmin forumda Azərbaycan 1 həftə ərzində 30-a yaxın ölkədən 150-dən çox gəncə ev sahibliyi etdi.

– Pandemiya dönəmində beynəlxalq əlaqələr zəifləsə də, bu günə qədər iki ümumrespublika forumu keçirmişik: Gəncədə, Lənkəranda, Mingəçevirdə və digər regionlarda mütəmadi olaraq donorlar üçün yerli məktəblər təşkil edirik. Məktəblərin əsas məqsədi yeni nəsli gənc qan donorlarında humanizm hisslərini inkişaf etdirməkdir. Bundan əlavə, donorluğun mədəniyyətini formalaşdırmaq, donorlardan ibarət bir şəbəkə qurmağı da planlaşdırırıq. Bizim istədiyimiz donorların sağlamlığının dövlət tərəfindən nəzarətə götürülməsidir.

Hemofiliya

– Fuad bəy, hazırda hansı layihələrin üzərində çalışırsınız?

– Hazırda bir layihə üzərində işləyirik. Bu layihədə donorların sanatoriyalara göndərilməsi nəzərdə tutulur. Qan donoru nə qədər sağlam olarsa, onun qanı bir o qədər yararlı sayılır. Amma hər bir insanın sağlamlığı əbədi və daimi deyil. Biz tədbirlərimizdə insanları sağlamlığın qorunmması üçün zərərli vərdişlərdən çəkinməyə çağırırıq. Çünki bir insan qan verərsə, iki insanın həyatını xilas etmiş olur. Bir insan il ərzində 4 dəfə qan versə, 8 insanın həyatını xilas etmiş olur. Bunun genofond üçün nə qədər faydalı olduğunu düşünün. Bu gün Azərbaycanda şirkətlər, dövlət qurumları özləri qanvermə aksiyasının keçirilməsi təşəbbüsü ilə bizə müraciət edirlər. Bütün bunlar geridə qalan 14 illik əzmkar bir fəaliyyətin nəticəsidir. Əlbəttə, burada Azərbaycan xalqının öz genofonduna verdiyi dəyər, ailə bağları, din və s. öz rolunu oynayır. Ölkədə talassemiyalı, hemofiliyalı xəstələrin çoxalması daim qan tələbatı yaradır. Çünki, belə xəstələr ayda 1-2 dəfə qan köçürməli olurlar. Bu ehtiyacları qarşılamaq üçün bizim qan ehtiyatlarımız çox olmalıdır.

Etiraf edək ki, Mərkəzi Qan Bankında donorların sağlamlığı üçün bütün şərait qurulub. Orada tibbi personal və tibbi avadanlıq qanköçürməni təmin etmək üçün yüksək səviyyədədir. Sadəcə olaraq, insanlar maariflənməli və bilməlidirlər ki, verdikləri qan ilk növbədə onların özlərinə faydalıdır, çünki qan verən insanın orqanizmində, hüceyrələr və toxumalarda qan yenilənir. İkinci halda isə qan verən qan verdiyi adamın həyatını xilas etmiş olur. Həm də qan verən insanlarda təzyiq problemi olmur, ürəklərində xəstəlik yaranmır və orqanizmləri gənc qalır.

Mission News Theme by Compete Themes.