Press "Enter" to skip to content

Peyvənd sertifikatı fevralın 15-dən etibarlılığını itirir

COVID-19 pasportu

Son yeniləmə: 26 Yanvar 2022 17:51

Bayraqdar.info – Məlum olduğu kimi, COVID-19 virusunun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Yanvarin 25-nə olan məlumata əsasən ölkə üzrə vurulan vaksinlərin ümumi sayı 11 milyon 845 min 510, onlardan 1 milyon 895 min 975-i “buster” doza vaksinlərin sayıdır.

Bayraqdar.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd edilir.

Məlumatda bildirilir ki, “buster” doza (3-cü doza) qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 5 ay sonra orqanizmdən asılı olaraq bu virusa qarşı müqavimət azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün “buster doza”nın vurulması tövsiyə olunur.

“Qeyd edək ki, koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda “Peyvənd sertifikatı”nın qüvvədə olması müddətsiz olaraq uzadılır.

“Səhiyyə qurumları vətəndaşları yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra (“buster”) doza ilə peyvəndləməyə çağırır.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Belə ki, 2022-ci il fevralın 15-dən etibarən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər”, – deyə birgə məlumatda vurğulanıb.

Mission News Theme by Compete Themes.