Son yeniləmə: 26 Yanvar 2022 19:20
Bayraqdar.info – Ötən ilin oktyabrında pambıq şirkətləri tərəfindən pambığın alış qiyməti hər tona görə 50 manat artırılıb. Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən bilgidə deyilir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 26-da Salyanda “Pambıqçılıq-2022: qarşıda duran vəzifələr” mövzusunda keçirilən respublika müşavirəsində bildirib.
Nazir bildirib ki, Nazirlik şirkətlərlə bu istiqamətdə müzakirələr aparıb. Müzakirələrə əsasən, şirkətlər fermerlərdən xam pambığın alış qiymətini 2022-ci il üçün daha 50 manat artırılması barədə razılığa gəliblər. Bununla da 2022-ci ildə şirkətlər fermerlərdən pambığın hər tonunu sortundan asılı olaraq 650-750 manata alacaqlar. Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması məsələsinə bir daha baxılacaq.
İnam Kərimov, həmçinin qeyd edib ki, Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında dəyişiklik edib. Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Məhsul subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı olmayaraq EKTİS-də öz əkinlərini bəyan etməsi kifayətdir.