Press "Enter" to skip to content

Monitorinqlər zamanı aşkar edilən nöqsanların sayı azalır

Son yeniləmə: 26 Yanvar 2022 15:03

Bayraqdar.info – Təhlillər göstərir ki, əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunur. Xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olmayanların sayı sürətlə azalır. Aparılan maarifləndirmə tədbirləri nəticəsində şənlik mərasimlərinin qaydalar çərçivəsində təşkili səviyyəsi artır.

Bu barədə bayraqdar.info-ya yanvarın 26-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Məlimatda deyilir: “Məlum olduğu kimi, pandemiya dövrünün tələblərinə, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərindən ibarət monitorinq qrupları tərəfindən Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında şənlik mərasimləri təşkil edilən obyektlərdə 5 iyul 2021-ci il tarixdən nəzarət tədbirləri keçirilir”.

Qeyd olunur ki, Dövlət Vergi Xidməti tərəfindən 5 iyul – 30 dekabr 2021-ci il tarixləri ərzində həyata keçirilmiş monitorinqlərin nəticələri üzrə məlumata əsasən, hesabat dövrü ərzində icazələr üzrə portala 48 min 951 toy mərasimi, 6 milyon 143 min 569 nəfər isə qonaq sayı (orta hesabla bir toya 125 nəfər) daxil edilib.

Nəzarət məqsədilə seçilmiş şənlik mərasimlərinin sayı 7 min 445 olub, mərasimlərdə qonaq qismində iştirak edənlərin sayı isə 1 milyon 001 min 511 nəfər təşkil edib. Nəzarət tədbirləri zamanı, şənlik mərasimlərinə gələn qonaqlardan 890 min 222 nəfərinin və ya 88,9 faizinin COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədləri yoxlanılıb. Onlardan 4,7 faizində nöqsanlar aşkar edilib.

Şənlik mərasimi keçirilmiş məkanın və ya müəssisənin 95.554 nəfər işçisinin də COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədləri yoxlanılıb, onlardan 1,6 faizində nöqsanlar aşkarlanıb.

Aşkar edilmiş nöqsanlar barədə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin, şənlik mərasiminin sahiblərinə, eyni zamanda aidiyyəti tədbir görülməsi üçün DİN və AQTA nümayəndələrinə məlumat verilib.
Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbətlər apararaq həll edilə bilən nöqsanları yerində aradan qaldırıbar.

“Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər və xidmət personalının vaksinləşməsinə xüsusi diqqət yetirsinlər. Unutmayaq ki, pandemiya hələ bitməyib. Operativ Qərargahın qayda və tələblərinin pozulması halları aşkarlanarsa, həm toyun, həm də obyektin sahibinə qarşı qanunvericiliyə uyğun inzibati cəza tədbirləri görüləcək. Bu cür halların baş verməməsi üçün məclis iştirakçılarının vaksin pasportlarına və ya imunitet sertifikatına malik olması vacib şərtdir. Bu, hamımızın sağlamlığı üçün zəruridir”, – deyə sonda bildirilir.

Mission News Theme by Compete Themes.