Son yeniləmə: 25 Yanvar 2022 23:29
YÖK başqanı Erol Özvar: Özbəkistan-Türkiyə Universiteti qurmağı planlaşdırırıq
Bayraqdar.info – Türkiyə türk dövlətləri ilə təhsil sahəsində əlaqələri gücləndirir. Bu istiqamətdə növbəti belə birgə addım Özbəkistanla atılacaq.
Bu barədə Türkiyə Yüksek Öğretim Kurulu (YÖK) başqanı Erol Özvarın Özbəkistana səfəri zamanı bildirilib. Səfər zamanı “Özbəkistan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda toplantı keçirilib.
Krım Haber Ajansı bildirir ki, Daşkənddə keçirilən tədbirdə çıxış edən E.Özvar qardaş ölkə Özbəkistanla ali təhsil sahəsində mövcud əlaqələri daha da genişləndirmək istədiklərini bildirib.
“Türkiyə ilə Özbəkistan arasında ali təhsil sahəsində əməkdaşlıqda bir ilki reallaşdırmaqdayıq. İki ölkənin dövlət başçılarının iradəsi ilə burada Özbəkistan-Türkiyə Universiteti qurmağı planlaşdırırıq”, – deyə o, əlavə edib.
Bundan başqa iki ölkənin ali məktəblərinin rektorları arasında təmasların güclənməsi də gündəmdədir.
Özbəkistanın ali və orta ixtisas naziri Abdukadir Taşkulov da YÖK başqanı E.Özvarın rəhbərlik etdiyi nümayəndə heyətinin səfərindən məmnun olduqlarını deyib.
Bu məqamda xatırladaq ki, Özbəkistan Türkiyənin Azərbaycandan sonra ortaq universitet qurmaq istədiyi ikinci türk dövlətidir. 2021-ci il dekabrın 2-də Bakıda səfərdə olan E.Özvarın Azərbaycan Prezidenti ilə görüşündə Türkiyə-Azərbaycan ortaq ali təhsil müəssisəsinin qurulması yönündə də fikir mübadiləsi aparılmışdı. Media təmsilçilərinə açıqlamasında belə bir müəssisənin qurulması üçün Azərbaycana gəldiyini deyən YÖK başqanı əlavə etmişdi ki, ortaq universitetin qurulması üçün iki ölkə arasında konkret işlər görülür.