Press "Enter" to skip to content

Vətəndaşlar həyəcan təbili çaldı, dövlət hərəkətə keçdi

Əzəmət Mikayılova

Bayraqdar.info – Təqdim etdiyimiz şəkil ətrafında bir neçə gündür müxtəlif fikirlər səsləndirilir. İddia edilir ki, Azərbaycan vətəndaşı çox acınacaqlı durumda yaşayır. Hələ bir dövlətə də ittihamlar ünvanlanır ki, niyə vətəndaş bu gündə yaşayır?

Doğrudan da şəkilə baxanda hər kəsin belə sual irəli sürməsi ağlabatandır. Təbii ki, heç bir normal insan başqasının dərdinə, acınacaqlı durumuna biganə qala bilməz. O baxımdan şəkilin çəkildiyi ərazi – Ağsu rayon icra hakimiyyətindən açıqlama yayılıb.

Açıqlamada deyilir ki, tənha yaşayan Mikayılova Əzəmət Möhübbət qızı 1990-cı ildə atası ilə birlikdə heyvandarlıq fermasında işləmək üçün Kürdəmir rayonundan Ağsu rayonunun Ərəbmehdibəy kəndinə gəlib. Sonralar aidiyyəti dövlət orqanları tərəfindən tənha yaşadığı və qayğıya ehtiyacı olduğu nəzərə alınaraq vətəndaş Ə.Mikayılova Kürdəmir rayonunda yaşayan qardaşına təhvil verilib. Lakin o, qardaşı ilə birlikdə yaşamaqdan imtina edib və yenidən Ərəbmehdibəy kəndinə qayıdaraq orada tənha yaşamağa davam edib. “Əlavə olaraq bildiririk ki, səhhətində problemlər olduğundan vətəndaş Ə.Mikayılova Ağsu Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən müayinə və müalicə olunması məqsədilə xəstəxanaya göndərilmişdir”, – deyə açıqlamada qeyd edilir.

Məsələylə bağlı Sosial Xidmətlər Agentliyi də məlumat yayıb. Bildirilir ki, Ə.Mikayılova adlı vətəndaşın yaşadığı əraziyə baxış keçirilib: “Yerində ilkin müayinə üçün əraziyə tibbi-həkim briqadası da dəvət olundu. Vətəndaş ilkin müayinəsi aparılaraq Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti nümayəndəsi və təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi. Onun səhhətində olan problemlər nəzərə alınaraq, aidiyyəti ixtisaslı tibb müəssisəsinə göndərildi. Ə.Mikayılova barəsində məlumat verən hər kəsə və o cümlədən, onunla bağlı prosesdə iştirak edən aidiyyəti qurumların əməkdaşlarına təşəkkür edirik”.

Mission News Theme by Compete Themes.