Son yeniləmə: 25 Yanvar 2022 10:21
Bayraqdar.info – “Son günlər səhiyyə qurumlarına edilən çoxsaylı müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli 371 nömrəli Qərarında edilmiş dəyişikliklə bağlı bildiririk ki, COVID-19 virusunun yeni mutasiyasına yoluxmuş şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PZR test nəticəsi “müsbət” olan şəxslərə və onların müəyyən olunmuş “sıx təmaslı”larına da şamil edilir”.
Bu sözlər Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yanvarın 25-də bayraqdar.info-ya daxil olmuş birgə məlumatdandır.
Məlumatda “Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumları tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur.
“Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
“Səhiyyə qurumları vətəndaşları yayılan yeni ştamdan qorunmaq üçün gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırır.”. Məlumatda belə vurğulanır.