Press "Enter" to skip to content

Türk dilinin ilk sözlüyü “Divani-lüğət-it-türk” 950 yaşında

Son yeniləmə: 25 Yanvar 2022 20:20

Bayraqdar.info – “Divani-lüğət-it-türk”ün (Türk dili lüğəti) yazılmasından tam 950 il keçir. Kitab böyük türk alimi Mahmud Qaşqarlı tərərəfindən 1072-1074-cü illərdə Bağdadda yazılan türkcə-ərəbcə lüğətdir.

Ərəblərə türkcə öyrətmək üçün bu əsəri yazan M.Qaşqarlı “Divani-lüğət-it-türk”də 7 min 500-dən çox sözün şərhini, türk xalqlarının həm şifahi, həm də yazılı ədəbiyyatından şeir nümunələri təqdim etməklə ilk dəfə türk təfəkkürünün, türkün yaradıcı ruhunun varlığından xəbər verib.

Öz növbəsində Kırım Haber Ajansı bu əlamətdar məsələyə diqqət yönəldib. Bununla bağlı saytın xəbərində deyilir: “İstanbul Millət Kitabxanasında əlimizdə olan yeganə nüsxənin son səhifəsində verilən məlumatdan aydın olur ki, M.Qaşqarlı əsəri 1072-ci il yanvarın 25-də yazmağa başlamış, 1074-cü il fevralın 10-da tamamlamışdır. Yəni fevralda əsərin yazılmasının tam 950 ili tamam olur. M.Qaşqarlı tərəfindən 1072-ci ildə qələmə alınan “Divani-lüğət-it-türk” iki il ərzində tamamlanaraq 1075-1095-ci illərdə Bağdadda hökm sürən Abbası xəlifəsi Muhamməd əl-Muqtədi ibn Əmrullaha təqdim edilib”.

Qeyd olunur ki, türk dilinin ilk lüğəti olan “Divani-lüğət-it-türk” müxtəlif türk boylarına mənsub şivələr lüğəti xarakteri daşıyır. M.Qaşqarlı əsərini yazarkən o dövrün türk vilayətlərini bir-bir gəzmiş və bilavasitə özü tərtib etdiyi dil materialına istinad etmişdir. Lakin əsər sadəcə lüğət deyil, XI əsrdə türkcənin dil xüsusiyyətlərini göstərən fonetik və struktur biliklərə işıq salan qrammatika kitabıdır. Bu, qəbilə və yer adları, türk tarixi, coğrafiyası, mifologiyası, folkloru və xalq ədəbiyyatı haqqında zəngin məlumatları özündə əks etdirən, eyni zamanda dövrün təbabəti və müalicə üsulları haqqında məlumat verən ensiklopedik əsərdir.

Onu da qeyd edək ki, bu əsər dəyərli ziyalımız, filologiya elmləri doktoru Ramiz Əskər tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılıb.

Mission News Theme by Compete Themes.