Son yeniləmə: 25 Yanvar 2022 15:57
Zaqatalada “təcrid” zonaları yaradılıb
Bayraqdar.info – Məlum olduğu kimi, yanvarın 22-23-də İsmayıllı rayonunun İvanovka kəndində VII Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilib. Konfrans iştirakçıları yerli genofondda olan “Boz Dağ Qafqaz” arı cinsindən danışıblar. Daha sonra üç arıçılıq təsərrüfatında zootexniki qiymətləndirilmə aparılıb. Konfransda o da qeyd edilib ki, damazlıq təsərürfatların yaradılması, seleksiya-damazlıq işlərinin təşkil edilməsi üçün Nazirlik tərəfindən mütəmadi monitorinqlər keçirilir, qiymətləndirmə aparılır, cinslər üzrə göstərcilər təhlil edilir. Damazlıq arıçılığın inkişafı məqsədilə ilk dəfə Zaqatala rayonunda “təcrid” zonası yaradılıb.
Konfransda o da diqqətə çatdırılıb ki, 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 331 min vahid və ya 2,2 dəfə artaraq 602 min vahidə, bal istehsalının həcmi isə 3,6 min ton və ya 1,5 dəfə artaraq 6,6 min tona çatıb.
Həmçinin, o da qeyd edilib ki, pilot layihə çərçivəsində Kəlbəcər və Laçın rayonlarının təhlükəsiz zonalarına arı ailələri, qoyunçuluq təsərrüfatlarının köçürülməsi həyata keçirilib. Layihə çərçivəsində Kəlbəcərdən 59, Laçından 15 arıçı fermer olmaqla ümumilikdə 74 arıçı fermer tərəfindən 4 min 531 arı ailəsinin dislokasiya üzrə köçürülməsi təşkil edilib və rı ailələrinin köçürülməsi üçün elektron portalın hazırlanması işləri aparılır.
Konfransda Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov və Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov ölkədə arıçılığın inkişafına dövlət dəstəyi, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirləri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Konfransda arı xəstəlikərinin müalicəsi və profilaktikası, apiterapiya və onun əhəmiyyəti, dünya təcrübəsi və standartları, paket arıçılığı, pavilyon arıçılığı, Ana arı yetişdirilməsi, bal qablaşdırılmasında innovativ texnologiyanın tətbiqi və digər mövzularda təqdimatlar keçirilib.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov, eləcə də Azərbaycan, Türkiyə, Macarıstandan, Belarus, Litvadan peşəkar arıçılar, elm və iş adamları iştirak edib.
Konfrans barədə Azərbaycan Arıçılar Assosiasiyasının Mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı bayraqdar.info-ya özəl açıqlama verib.
O bildirib ki, konfrans maraqlı müzakirələrlə yadda qalıb.
“Konfransın keçirilməsində məqsəd arıçıların bilgiləndirilməsi, savadlılığın artırılması idi. Dünyanın müxtəlif ölkələrindən peşəkar apiterapiya mütəxəssisləri və elm adamları da bu konfransda iştirak edirdi. Bizim konfranslar adətən, bu formatda olur. Biz Azərbaycanda keçirilən beynəlxalq konfranslarda daha fərqli ölkələrdən arıçıların iştirak etmələrini istəyərdik. Məsələn, ABŞ, Kanada, Braziliya, Çin, İtaliya kimi ölkələrdən. Bu ilki qonaqlar Belorusiya, Türkiyə və Macarıstandan idi. Litvadan bir arıçı koronavirusa yoluxma səbəbindən tədbirdə iştirak edə bilmədi. Sonda bir arıçı olaraq təşkilatçılara öz istək və arzularımızı yazdıq. Bu, biz arıçılar üçün böyük bir tədbirdir. Yəni, dünyanın elm adamlarının arıçılıqla bağlı öz fikirlərini Azərbaycan arıçısına ötürdüyü, paylaşdığı bir konfrans idi”, – deyə E.Bayramlı fikirlərini tamamlayıb.