Son yeniləmə: 25 Yanvar 2022 16:33
Bayraqdar.info – Güclü qar səbəbindən İstanbul hava limanının bağlanması “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-İstanbul və İstanbul-Bakı (24 və 25 yanvar tarıxlərində) reyslərinin gecikməsinə səbəb olub.
Bu barədə yanvarın 25-də AZAL məlumat yayıb. Sözügedən uçuşlar İstanbul hava limanı ilə razılaşdırılaraq həyata keçiriləcək. Belə ki, hazırda Bakıdan iki reysin uçuşu gecikir. Bu reyslərin sərnişinlərinin yanvarın 25-də axşam saatlarında İstanbula daşınması planlaşdırılır. Uçuş aviaşirkətin ən böyük geniş füzelyajlı təyyarəsi olan “Airbus A340”-da yerinə yetiriləcək.
Həmçinin, yanvarın 25-də – günün ikinci yarısında və axşam saatlarında – İstanbul hava limanından Bakıya iki reysin yerinə yetirilməsi planlaşdırılır.
“Gələn sərnişinlərdən İstanbul hava limanında “Azərbaycan Hava Yolları”nın ofisinə müraciət etmələri xahiş olunur. Sərnişinlər İstanbul – Bakı marşrutu üzrə ən yaxın reysə qeydiyyata alınacaqlar.
“Sözügedən reyslərin sərnişinləri yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində və ya KİV vasitəsilə əldə edə bilərlər.
“İstanbul Beynəlxalq Hava Limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırıb.
“Məlumata görə, bununla əlaqədar AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi yanvarın 26-da günün birinci yarısına keçirilib.
“Bütün sərnişinlərimizdən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzindən, AZAL-ın İstanbul nümayəndəliyindən, rəsmi sosial şəbəkə hesablarından və KİV vasitəsilə almalarını xahiş edirik”, – deyə aviaşirkət bəyan edib.