Press "Enter" to skip to content

Yeni parlamentdə 5 partiya təmsil olunacaq

Son yeniləmə: 24 Yanvar 2022 08:38

KKTC-də növbədənkənar parlament seçkilərinin qalibi UBP oldu

Bayraqdar.info – Yanvarın 23-də Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) növbədənkənar parlament seçkiləri keçirilib. Yerli vaxtla saat 08:00-da başlayan səsvermə axşam saat 18:00-da başa çatıb.

Qeyd edək ki, bu dəfəki seçkilərdə ölkə üzrə 763 seçki məntəqəsində 203 min 792 seçici qeydə alınmışdı. Seçkilərdə 50 nəfərlik parlamentə düşmək üçün 6 rayondan 403 namizəd mübarizə aparırdı. Onlardan 400-ü 8 siyasi partiyanı təmsil edir, 3-ü isə müstəqil namizəd idi.

50 nəfərlik KKTC parlamentinə Lefkoşadan 16, Gazimağusadan 13, Girnədən 11, İskeledən 5, Güzelyurtdan 3 və Lefkedən 2 millət vəkili seçiləcək. Parlamentə düşmək üçün mübarizə aparan partiyalar bunlar idi: Ulusal Birlik Partiyası (UBP), Cümhuriyetçi Türk Partiyası (CTP), Xalqın Partiyası (HP), Toplumcu Demokratiya Partiyası (TDP), Demokrat Partiya (DP), Yeniden Doğuş Partiyası (YDP), Toplumcu Qurtuluş Partiyası -Yeni Güçlər (TKP-YG) və Bağımsızlık Yolu (BY).

Səsvermə hüququ olan əhalinin 57,62 faizi seçkidə iştirak edib

Beləliklə, seçkilər baş tutub. Yüksek Seçim Kurulunun (YSK) məlumatına əsasən səsvermə hüququ olan əhalinin 57,62 faizi seçkidə iştirak edib. Rəsmi olmayan ilkin nəticələrə görə bu dəfə parlamentdə 5 partiya təmsil olunacaq. Bunlar UBP (39,54 faiz), CTP (32,04 faiz), DP (7,41 faiz), YDP (6,39 faiz) və HP-dir (6,68 faiz). Bundan öncəki parlamentdə isə 6 partiya təmsil olunurdu. Keçən parlamentdə təmsil olunan TDP bu dəfə 5 faizlik barajı aşa bilməyib. Bu nəticələrə əsasən seçkilərin qalibi olan UBP 24 mandat, digər partiyalar -CTP 18, DP 3, HP 3 və YDP 2 mandat qazanıb.

Faiz Sucuoğlu: UBP seçkidən güclənərək çıxdı

Gecə yarısı mətbuat konfransı keçirən UBP-nin genel başqanı Faiz Sucuoğlu qələbə sevincini paylaşıb: “UBP seçkidən güclənərək çıxdı. Önümüzdə çətin bir dönəm var. 10 ili əhatə edəcək iqtisadi islahatlar və addımlar olacaq. UBP çətin dönəmlərin partiyasıdır. Gözəl bir heyətlə hərəkət edəcəyik. Türkiyə ilə birlikdə hərəkət edəcəyik. UBP-ni böyüdüb daha da gücləndirəcəyik. 8-10 ay ərzində iqtisadi sahədə irəliləyişi xalqa hiss etdirəcəyik”.

Bu qələbəyə görə partiyanın gənclərinə və qadın üzvlərinə xüsusi təşəkkür edən F.Sucuoğlu hökuməti qurmadan öncə partiyada nizamnamə dəyişikliyi ediləcəyinin, gənclərin irəli şəkiləcəyinin mesajını verib.

UBP-ni qarşıda çətin və məsuliyyətli günlər gözləyir

Beləliklə, F.Sucuoğlunun qeyd etdiyi kimi UBP seçkidən güclənərək çıxdı. Amma bu partiyanı irəlidə daha çətin mərhələ gözləyir. Çünki UBP parlamentdə daha çox mandata sahib olsa da, arzu olunduğu kimi təkbaşına iqtidar ola bilmədi. UBP hökuməti qurmaq və 50+1 həddini əldə etmək üçün mütləq parlamentdəki kiçik partiyalardan birindən dəstək  almaq məcburiyyətindədir. Böyük ehtimalla bu partiya DP olacaq.

Amma əvvəlki hökumətlər kimi yeni hökumətin də taleyi necə deyərlər sapdan aslı vəziyyətdə olacaq. Təsəvvür edin bir və ya iki millət vəkilinin istefası ilə hökumət düşmüş olacaq. Təbii ki, bu nəticələrlə balı qarşı günlərdə geniş təhlil yazımız olacaq. Hələlik isə bir daha onu deyək ki, UBP-ni qarşıda çətin və məsuliyyətli günlər gözləyir.

 

Mission News Theme by Compete Themes.