Son yeniləmə: 24 Yanvar 2022 11:09
Bayraqdar.info – Yanvarın 24-dən Bakı-Şuşa-Bakı, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları işə başlayıb. İlk marşrut səfərində 47 nəfər Şuşaya gedir.
Bayraqdar.info-nun Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən yanvarın 24-də əldə etdiyi məlumatda bildirilib ki, fevarlın 15-nə qədər 400-ə yaxın bilet satılıb. Şuşa və Ağdam marşrut ziyarətçilərini ANAMA-nın və DYP -nin əməkdaşları müşayiət edir. Əldə etdiyimiz məlumatda qeyd edilib ki, Şuşada və Ağdamda ziyarət olunacaq məkanlar da açıqlanıb.
Səfər iştirakçıları Şuşada Cıdır Düzü, Molla Pənah Vaqifin muzey-məqbərə komleksi, Bülbülün Ev-Muzeyi, Aşağı Gövhərağa məscidi, güllələnmiş heykəllər, Xurşidbanu Natəvan, Xan Qzıı Bulağı və Şuşa Qalasına gedəcəklər.
Ağdamda isə Pənahəli Xanın sarayı, Çörək Muzeyi, Şəhidlər xiyabanı, Dram Teatrı, Cümə Məscidi, Qiyaslı Məscidi, Şahbulaq Qalasını da ziyarət edəcəklər.
Onu da qeyd edək ki, səfərlərdən əvvəl marşrut sürücüləri ANAMA-nın təlimlərinə cəlb edilib. Təlimlərdə partlayıcı sursatların təhlükəsi, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub. Həmçinin müxtəlif növ mina və partlayıcı sursatların vizual tanınması üçün maketlər nümayiş etdirilib.
Təlim iştirakçılarına mina və partlayıcı qurğuların törədə biləcəyi xəsarətlər barədə geniş məlumat verilib, ən kiçik ehtiyatsızlığın ölümlə nəticələnə biləcəyi diqqətə çatdırılıb. Bəzən partlayıcı qurğuların təhlükəli əşyaya bənzəmədiyi və zərərsiz göründüyü, su borusu, bidonlar, qaz balonu və digər məişət əşyalarının içərisinə yerləşdirilə biləcəyi vurğulanıb. Sürücülərə yalnız müəyyən edilmiş və daha əvvəl sınaqdan keçirilmiş marşrut xətti üzrə hərəkət etmələri, heç bir halda marşrutdan kənara çıxmamaları barədə xəbərdarlıq edilib.
Həmçinin, səfər iştirakçılarına xəbərdaredici posterlər, broşürlər, sertifikat və təlimat kitabçaları təqdim olunub.
Qeyd edək ki, avtobuslarda sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün ANAMA-nın mina təhlükəsi ilə bağlı təqdim etdiyi videoçarxlar nümayiş etdirilməsi nəzərdə tutulub. Həmçinin hər bir oturacağın üzərinə təlimat broşürü yerləşdirilib.
Xatırladaq ki, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.