Son yeniləmə: 24 Yanvar 2022 12:12
Bayraqdar.info – 2020-ci ildə müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan bunun acısını bütün sahələrdə yaşayır. Yəni bu məğlubiyyət təkcə Ermənistan ordusunun deyil, bütövlükdə Ermənistan cəmiyyətinin aşılanmasına səbəb olub. Bu aşılanma isə özünü daha çox siyasi səhnədə göstərir.
Dramatik hadisələr bir-birini əvəz edir
Özü də siyasətdə yox, məhz siyasi səhnədə. Çünki Azərbaycanın 44 günlük Vətən savaşında tarixi Zəfərindən sonra Ermənistanda dramatik hadisələr bir-birini əvəz edir. Siyasi səhnənin köhnə (Sargsyan-Köçəryan cütlüyü) və yeni (Nikol Paşinyan və komandası) fiqurları bütövlükdə səhnədə dominant rola sahib olmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu kontekstdə görünən odur ki, qazanan hələ ki, yenilərdir.
Yenilərin köhnələr üzərində növbəti qələbəsi
Elə Armen Sarkisyanın yanvarın 23-də gözlənilməz, əslində həm də gözlənilən istefasını da yenilərin köhnələr üzərində növbəti qələbəsi kimi dəyərləndirmək olar. Çünki Armenin prezident postuna bənzər soyad daşıyıcısı olduğu Serjik Sargsyan tərəfindən gətirildiyi kimsəyə sirr deyil.
Yəni həmin vaxt prezident postundan getməyin qaçılmaz olduğunu başa düşən S.Sargsyan çıxış yolunu ölkə Konstitusiyasında kosmetik dəyişiklik edərək bu dəfə də baş nazir postunda oturub hakimi-mütləq olmaqda gördü. Elə həmin vaxt, yəni 2018-ci ildə prezident postuna sözündən çıxmayacaq, itaətkar fiqur kimi A.Sarkisyanın namizədliyini irəli sürdü və onu bu posta seçdirdi.
Armen Sarkisyanın bəhanələri
Bütün bunlar onu deməyə əsas verir ki, A.Sarkisyanın istefası ilə köhnələrin daha bir fiquru hakimiyyətdən uzaqlaşdı. Bu, həm də Nikol Paşinyana keçid dövrü üçün əl-ayağa dolaşmayacaq birisini prezident postuna oturtmağa kömək olacaq. Niyə keçid dövrü sualına sonda cavab verəcəyik.
Hələlik isə qayıdaq A.Sarkisyana, daha doğrusu onun istefasını əsaslandırmaq üçün gətirdiyi bəhanələrə. O, deyib ki, guya istefasına səbəb prezident seçilərkən ona verilən sözün tutulmamasıdır. İddia edib ki, 2018-ci ildə prezident olmaq qərarını qəbul edərkən ona verilən təklifi əsas götürüb: “Təklifə əsasən yeni prezident institutunun xarici, iqtisadi, investisiya siyasətinə, diasporla əlaqələrə, o cümlədən milli maraqların müdafiəsinə, beynəlxalq arenaya, yeni elm, təhsil və yüksək texnologiya mühiti yaratmağa təsir alətləri olacaqdı”.
A.Sarkisyan deyib ki, bu təklif reallaşmadığı üçün istefa vermək qərarına gəlib. Amma nədənsə bu qərarı o, 4 ildən sonra verib. Düzdür, bunun uzanmasına səbəb kimi, əslində isə bəhanə kimi o, ölkədə baş verən olayları gösətirib. Amma özünün dediyi kimi, onsuz da prezident seçiləndən bu günə kimi proseslərə təsir etmək üçün heç bir imkanı olmayıb. Ona görə də A.Sarkisyanın bu bəhanəsi keçərli deyil. Sadəcə adam deyə bilmir ki, “mən S.Sargsyanın idarə edəcəyi bir fiqur kimi işə yarayırdım. N.Paşinyanın hakimiyyəti dövründə isə heç bir işə yaramıram. Üstəlik, köhnələrin adamı kimi də qara siyahıdayam”.
Əgər A.Sarkisyan “bir qrup hərbçinin N.Paşinyana qarşı qiyamı zamanı sərgilədiyi buqəlamun mövqe ilə heç zaman sərbəst fikir yürüdə bilməyəcək birisi olduğumu ortaya qoydum” desəydi, bu daha səmimi və doğru olardı. Ən nəhayət, A.Sarkisyan desəydi ki, “N.Paşinyan məni burda görmək istəmir, onsuz da özüm könüllü istefa verməsəydim də məni göndərəcəkdilər”, yenə də daha doğu olardı. Amma A.Sarkisyan bəhanələrə üstünlük verdi və getdi.
Armen hamıya təşəkkür etdi, Nikoldan başqa
Bununla belə onun prezident kimi son bəyanatında erməni xalqına, ordusuna, ölən erməni əsgərlərinin ailələrinə, bir sözlə N.Paşinyandan başqa hər kəsə təşəkkür etməsi ilə, necə deyərlər, xoruzun quyruğu göründü. Yəni N.Paşinyanın adının təşəkkür siyahısında olmaması A.Sarkisyanın məhz indiki baş nazir tərəfindən yola salındığını deməyə əsas verir.
Beləlikılə, qayıdaq yuxarıda toxunduğumuz keçid dövrü məsələsinə. Məsələ burasındadır ki, Ermənistanda tezliklə konstitusiyanın dəyişəcəyi, prezidentə yenidən müstəsna səlahiyyətlərin veriləcəyi barədə söz-söhbərlər dolaşır. Heş şübhəsiz ki, Armeni yola salmağa müvəffəq olan Nikol indi özünə sadiq, itaətkar birisini prezidnet postuna seçdirəcək ki, istənilən sənədə imza atdıra bilsin. Bunun ardınca isə konstitusiya dəyişikliyindən sonra yenidən gücləndirilmiş prezident postuna seçkilərdə qalib gəlmək üçün hərəkətə keçəcək.