Son yeniləmə: 24 Yanvar 2022 10:41
Bayraqdar.info – Güney Azərbaycanda bir millət vəkilinin şikayəti ilə bir ərdəbilli jurnalistə şallaq cəzası verilib. Ərdəbil şəhərində jurnalist və “Muğanın ədalət səsi” qrupunun admini Şapur Vüqar bir deputatın şikayəti ilə şallaq cəzasına məhkum edilib.
“Azad İran” Telegram kanalı xəbər verir ki, jurnalist Muğan (Parsabad) bölgəsindən İran məclisindəki millət vəkili Abbas Cahangirzadənin korrupsiya əməllərini ifşa edib. Elə buna görə də onun şikayəti əsasında jurnalistə şallaq cəzası çıxarılıb.
Jurnalit Ş.Vüqar “deputatı təhqir etmək”də ittiham olunub və 74 şallaq zərbəsi ilə yanaşı 10 milyon tümən maddi cərimə cəzasına məhkum edilib.
O, habelə “Hökumət məmurlarını təhqir etmək”, “Yalan və böhtan xarakterli məlumatlar yaymaq”da ittiham edilir. Ərdəbilin Muğan bölgəsinin İnqilab Məhkəməsinin 1 saylı istintaq bölməsinə çağırılan Ş.Vüqarın həbs olunma ehtimalı da yüksəkdir.
Azərbaycanlı jurnalist bölgənin parlamentdəki nümayəndəsi A.Cahangirzadənin və yaxınlarının korrupsiya əməlləri və vəzifədən su-istifadə etmələri ilə bağlı yaydığı ifşaedici məlumatlara görə hədəf alınıb. O, bundan öncə də təzyiqlərlə qarşılaşıb.