Son yeniləmə: 24 Yanvar 2022 09:55
Bayraqdar.info – Çinin Doğu Türküstandakı əməllərinə qarşı etirazlar davam edir. Növbəti etiraz aksiyası isə yanvarın 23-də olub. Belə ki, həmin gün Türkiyədə yaşayan Doğu Türküstanlılar Türkiyə Milli Olimpiya Komitəsinin qarşısında aksiya keçiriblər.
Kırım Haber Ajansının məlumatına görə əllərində Doğu Türküstanın və Türkiyənin bayraqlarını tutmuş aksiya iştirakçıları 2022 Pekin Qış Olimpiya Oyunlarını boykot çağırışı edib və mətbuat konfransı keçiriblər.
Doğu Türküstan İdman və İnkişaf Dərnəyinin başqanı Tahir Gökbayrak deyib ki, Çin rejimi Doğu Türküstanı işğal edib: “Çin rejimi oranın əsl sahibi olan uyğur, qazax, qırğız, özbək, tatar kimi müsəlman türkləri assimilyasiya etmək üçün onları din və mədəniyyətindən məhrum yaşamağa məcbur edərək, soyqırım törədir. Bundan əlavə, Doğu Türküstanda soyqırım cinayəti törədən Çin rejimi 2022-ci il Pekin Qış Olimpiya Oyunları adı altında qış olimpiya oyunlarına ev sahibliyi edərək, soyqırım cinayətini qanuniləşdirməyə çalışır”.
Xəbərdə o da xatırladılır ki, Çinin Doğu Türküstanda törətdikləri cinayət beynəlxalq aləmdə etirazla qarşılanıb. Türkiyə də daxil olmaqla 43 ölkə BMT-də Çini qınayıb. Fəlakətin ağırlığını dərk edən ABŞ, İngiltərə, Fransa, Almaniya, Belçika, Litva, Kanada və Hollandiya kimi ölkələr Çinin Doğu Şərqi Türküstanda soyqırım törətdiyini bəyan ediblər.
ABŞ-da qəbul edilən Uyğur İnsan Haqları qanunu və Uyğur Məcburi Əmək qanunu, İngiltərədə qurulan Müstəqil Uyğur Məhkəməsinin verdiyi soyqırım qərarı da Doğu Türküstanda yaşanan faciənin soyqırım həddinə çatdığını ortaya qoyur.