Son yeniləmə: 24 Yanvar 2022 13:27
Bayraqdar.info – Yanvarın 24-ü müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Finlandiya Xarici İşlər Nazirliyi Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livalanın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.
Müdafiə Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, nazir qonaqları salamlayaraq Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib.
“General-polkovnik Z.Həsənov Azərbaycan-Finlandiya hərbi əməkdaşlığının NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində uğurla həyata keçirildiyini bildirib.
“Qonaq M.Livala Finlandiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
“Tərəflər ölkələr arasındakı münasibətlər, regionda sülhün və sabitliyin gücləndirilməsi, eləcə də digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıblar”, – deyə məlumatda qeyd edilib.