Son yeniləmə: 24 Yanvar 2022 14:04
Bayraqdar.info – 2021-ci ilin aprel ayında Yevlax şəhərində Kiçik və Orta Biznes Evi (KOB evi) fəaliyyətə başlayıb. Bununla da KOB evlərinin sayı ikiyə çatıb (Xaçmaz və Yevlax şəhərlərində olmaqla).
Bunu yanvarın 24-də keçirilən mətbuat konfransında KOBİA-nin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, sahibkarlara vahid məkanda dövlət və zəruri biznes xidmətlərinin göstərildiyi KOB evləri tərəfindən ötən il sahibkarlara ümumilikdə 50 mindən çox “G2B” (dövlət-biznes) və 3 mindən çox “B2B” (biznes-biznes) xidmətlər göstərilib. Belə ki, Yevlax KOB evində 8 dövlət qurumu 150-dək, 7 özəl şirkət 100-dək xidmət göstərir.
Qeyd edilib ki, 2021-ci il ərzində Yevlax KOB evi tərəfindən sahibkarlıq subyektlərinə 24947 xidmət göstərilib: “Onların da 91 faizi “G2B”, digər 9 faizi isə “B2B” xidmətlərdir. Xaçmaz KOB evində 9 dövlət qurumunun 150-dək, 8 özəl şirkətin 100-dək xidməti mövcuddur. Ötən il “Xaçmaz KOB evi”ndə sahibkarlıq subyektlərinə 27021 sayda xidmət göstərilib ki, onlarında 97 faizi “G2B”, digər 3 faizi isə “B2B” xidmətlər olub”.
Vurğulanıb ki, bu yaxınlarda Xaçmaz KOB evində daha 2 yeni xidmət istifadəyə verilib. KOB evləri üzrə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.
O.Məmmədovun sözlərinə görə, hazırda Gəncə və Bakı şəhərlərində KOB evlərinin yaradılması istiqamətində işlər aparılır: “Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 09.08.2021-ci il tarixli Fərmanı ilə “e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilib. Hazırda portalın fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir”.
2021-ci ildə həmçinin, Şirvan, Göyçay, Sabirabad, Salyan, İsmayıllı, Tərtər və Astara rayonlarında olmaqla 7 KOB dostu fəaliyyətə başlayıb. Hazırda KOB dostu şəbəkəsi ölkənin 27 şəhər və rayonunu əhatə edir. KOB dostları sahibkarlıq fəaliyyəti ilə bağlı biznes subyektlərinə yerində operativ dəstək və xidmətlər göstərir.