Son yeniləmə: 24 Yanvar 2022 14:54
Bayraqdar.info – Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təhlil və tədqiqat sahələri ötən il xeyli genişlənib. Xatırladaq ki, Milli Observatoriya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
ƏƏSMN-dən bayraqdar.info-ya yanvarın 24-də verilən məlumata görə, Observatoriyanın fəaliyyətinə və gələcək hədəflərinə həsr olunan iclas keçirilib. Iclasda analitik və intellektual mərkəzi kimi fəaliyyət göstərən qurumun təhlil və tədqiqat, proqnozlaşdırma istiqamətində gördüyü işlər müzakirə edilib. Praktiki iş sektorları ilə sıx əməkdaşlıqda funksional sahələr üzrə təhlillərin aparılmasının, kadr potensialının inkişaflına yönələn təlim-tədris işlərinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Observatoriyanın əmək bazarı, sosial müdafiə və demoqrafiya sahələri üzrə həyata keçirilən tədbirlərin və sosial proqramların cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin və gələcək inkişaf meyillərinin müəyyən edilməsi istiqamətində gördüyü işlər müzakirə olunub. Aparılmış təhlillər və təqdiqatlardan, müvafiq sahənin inkişafı məqsədilə qabaqcıl təcrübələrin öyrənilməsi və təkliflərin təqdim olunması üzrə əldə olunan nəticələrdən bəhs edilib.
Müasir innovasiyalara və rəqəmsal texnologiyaların tətbiqinə əsaslanan müxtəlif sosial layihələrin işlənib hazırlanması sahəsində Milli Observatoriyanın fəaliyyəti qeyd edilib.
İclasda Observatoriyanın bu il bir sıra yeni istiqamətlər üzrə təhlil və tədqiqatlara başlayacağı bildirilib.