Bəhmən Faziloğlu – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent
Bayraqdar.info – İctimai rəydə, bəzən də elmi tədqiqatlarda Novruz daha çox əkinçilik bayramı kimi xarakterizə olunur. Ancaq maraqlıdır ki, Novruz təqviminə aid bayram və mərasimlərin yarısı, bəlkə də əksəriyyəti maldarlıq təsərrüfatı ilə əlaqədardır. Bu təqvimə aid olan mərasimlərdən (bayram da demək olar) biri “Saya gəzdirmək” adı ilə də tanınıb.
“Qoç qatımı”ndan (təxminən 10-15 oktyabr) keçən yüzüncü gün, yəni “QARAQIŞ”ın (“Böyük çillə”) sonuna bir həftə qalmış kəndlərimizdə saya gəzdirərdilər. Təxminən yanvar ayının 23-nə təsadüf edən “SAYA GƏZDİRMƏK” mərasimi qışın tən yarısının keçməsi, “dölə” az qalmasından xəbər verirdi.
Sayaçı sözlər söylərdilər:
Saya yaxşı sayadı,
Yeri-yurdu qayadı.
Onun gözəl sözləri,
Yatanları oyadı.
Təkəmə bir pay gətir,
Tikələri say gətir.
Təkəni tez yola sal,
Özünə bir tay gətir.
Nənəm qoyunun ağı,
Gedir dolanır dağı.
Qızlara cehiz ağı,
Uşağa bələk bağı.
Qarı tutanda yağı,
Gəlin yeyər qaymağı və s.