Son yeniləmə: 22 Yanvar 2022 14:51
Bayraqdar.info – Futzal üzrə Avropa çempionatının final mərhələsindəki ilk rəqib Gürcüstan yığması olacaq. İndiyədək komandalar 3-ü rəsmi olmaqla, 9 matçda üz-üzə gəliblər.
Azərbaycan Futzal Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, ilk duel 22 il əvvəl baş tutub və heç-heçə başa çatıb – 6:6. Ümumiyyətlə, bu 9 oyunun 7-də komandamız qələbə qazanıb. Bir matçda heç-heçə qeydə alınıb. Yeganə yenildiyimiz görüş isə 2013-cü ildə keçirilib – 1:2.
“Joze Alesio Da Silvanın baş məşqçi olduğu millimiz D qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşacaq. Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da oynanılacaq görüş bu gün Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Matçı fransalı referi Sedrik Pelisye idarə edəcək.
“Digər hakimlər isveçrəli Daniel Matkoviç və xorvatiyalı Nikola Yeliç olacaqlar. Koronavirus pandemiyası səbəbindən oyun azarkeşsiz keçiriləcək. Bu qrupun digər oyununda İspaniya millisi Bosniya və Herseqovinanı sınağa çəkəcək”, – deyə xəbərdə qeyd edilir.