Press "Enter" to skip to content

20 Yanvar şəhidlərinin xatirəsi Ankarada da anılıb

Son yeniləmə: 22 Yanvar 2022 14:42

Bayraqdar.info – Yanvarın 21-də Ankrada 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Ankarada anım mərasimi keçirilib. Ankaradakı Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində keçirilən tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə baş tutub.

Bu barədə bayraqdar.info-ya yanvarın 22-də TADİV-dən məlumat verilib. Bildirilib ki, anım tədbiri şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başalyıb.

Sonra Türkiyə Cümhurbaşqanı yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV-in rəhbəri professor Aygün Attar, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Elçi Allahverdiyev, TRT İdarə Heyətinin üzvü Oğuzxan Bilgin, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, professor Əmirullah Mehmetov, Balkan Köçmənləri İqtisadi Araşdırma və Sosial Yardım Fondunun (BİSAV) sədri Yüksəl Özkale və Türk Dünyası Parlamenterlər Fondunun sədri Abdullah Çalışqan çıxış ediblər.

A.Attar çıxışında bildirib ki, 20 yanvar 1990-cı il tarixində sovet tanklarının qarşısına yalın əllə çıxan Azərbaycanın mərd oğul və qızları Azərbaycanın müstəqilliyinə gedən yolu açıblar. Buna görə də 20 Yanvar eyni zamanda Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi həkk olunub.

Çıxışlarda həmçinin Azərbaycanın 44 günlük Vətən savaşında əldə etdiyi qələbənin tariximizə qızl hərflərlə yazıldığı bildirilib. Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı rəşadətli Qələbə ilə həm də 20 Yanvar şəhidlərinin qisası alındı.

Sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayəti əks etdirən fotolent nümayiş olunub.

Rəsmi hissədən sonra iştirakçılar Şuşa Konfrans Mərkəzində AZƏRTAC-ın 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərindən ibarət sərgi ilə tanış olublar.

Mission News Theme by Compete Themes.