Press "Enter" to skip to content

Uğurun proqramlaşdırılması, yaxud…

Beknazar Camanqarayev

Son yeniləmə: 21 Yanvar 2022 11:09

İT peşəkarı Beknazar Camanqarayevdən Qırğızıstanın inkişaf modeli

Yuliya Şitova – Qırğızıstan. Özəl olaraq bayraqdar.info üçün

Yuliya Şitova

Bayraqdar.info – Siz əsl oxumaq arzusu, biliklərinizi təkmilləşdirmək və təcrübə toplamaq haqqında nə bilirsiniz? Yeniliklərə həvəs o qədər vazkeçilməz ola bilər və hətta ən ucqarda yaşayan bir gənc çoban belə əlində telefonla bir damın üstünə dırmaşar ki, siqnal tutub bilik aləminə baş vura bilsin. Bax, elə belə yeniliklərə can atan adamların xatirinə Qırğızıstanlı Beknazar Camanqarayev əsl peşəkarlardan ibarət komanda toplayıb və Bişkekdə, həmçinin ölkənin bölgələrində informasiya texnologiyaları (İT) sahəsində təhsil layihəsinə başlayıb.

“Amerika arzusu”

Ən maraqlı həyat da elə 30 yaşdan sonra başlayır. Yahoo, Apple, Motorola Mobility, Google kimi İT nəhənglərində arzu edilən mütəxəssisə çevrilmiş Qırğızıstanlı B.Camanqarayev fikrən keçmişə dönərək təbəssümlə, “Bu yaşda bir sıra peşələrdə karyera üzü aşağı gedir. Məndə isə əksinə, yüksəliş başlayıb”, – deyir.

O, keçmiş Frunze – indiki Bişkek şəhərində anadan olub. Narın vilayətinin Cumqal rayonunda məktəbi bitirib. İlk təhsili musiqi sahəsində olub. Kurenkeyev adına Musiqi məktəbindən musiqi müəllimi və orkestr solisti diplomuyla məzun olub. Bundan sonra isə Qırğızıstan Dövlət Milli Universitetinin iqtisadiyyat fakültəsini “bank işi” ixtisası üzrə bitirib.

Nə musiqi, nə də maliyyə sahəsində onun işi alınmayıb. Lakin 90-cı illərin ortalarında öyrəndiyi ingilis dili işinə yarayıb. Sonrakı mərhələdə iddialı gənc mütəxəssis hətta səyyahların turlarını təşkil etmək üçün özünün turist şirkətini də qurub, əcnəbiləri Qırğızıstanın görməli yerlərində gəzdirib.

2009-cu ildə həyat əməlli-başlı dəyişib. 34 yaşlı Beknazar Amerikaya köçüb. Burada o, öz karyerasını prestijli və sürətlə inkişaf edən İT sahəsində qurmağa başlayıb. Əlbəttə, yenidən oxumalı, təcrübə toplamalı və staj keçməli olub. 12 il ərzində Qırğızıstanın istedadlı yetirməsi oyun şirkətindəki adi stajçıdan yüksək texnologiyaları əsasında Pfizer və Moderna peyvəndlərinin hazırlandığı BioTeck mütəxəssisinə qədər yol keçib.

Öz “Amerika arzusu”nu həyata keçirdikdən sonra Beknazar qərara gəlir ki, topladığı bilik və təcrübəni Qırğızıstanın faydası üçün xərcləsin. O inanır ki, Qırğızıstanlıların arasında yetərincə istedadlı və məqsədyönlü insanlar var. Bu insanlar karyera pilləkənində yüksəklərə çıxa və dünyanın ən böyük şirkətlərində uğur qazana bilərlər.

Beknazar Amerikada

Gələcək artıq gəlib

Aralarında Qırğızıstan əsillilərin də olduğu həmkarlarından ibarət peşəkarlar komandası təşkil edən Beknazar “Gələcək” adlı onlayn proqramçılar məktəbi açıb. Bu məktəbdə hazırda ən gərəkli proqramlaşdırma dillərini Respublika üzrə 2,5 min nəfər öyrənir. Python və Java kimi proqramları mənimsəmə imkanlarını hətta ölkənin ən ucqar guşələrinin sakinləri də əldə edib. Özü də tam ödənişsiz. Onlardan tək bir şey tələb edilir: öyrənmək istəyi.

“Əgər Bişkekdəki insanların ödəmə imkanları varsa, bölgələrdəki insanlar öyrənmək üçün ödəniş edə bilmirlər. Ona görə də biz onlara doğru addım atırıq”, – deyir Beknazar. – “Öyünəcək hansı uğurlarımız var? Bizim məzunlarımızdan biri 3 uşaq anası idi. Özü də çox uzaq bir rayonda yaşayır. Bizdə oxuduqdan sonra o, yaşadığı yerdə IT sahəsində işə düzəldi. Elə hallar da olub ki, gənclər damın üstünə və ya təpəyə çıxaraq siqnal tutmağa və onlayn dərslərə qoşulmağa çalışıblar. Bax, biliklərə belə vazkeçilməz həvəs var!”

Beknazar qırğızların geniş potensialına ürəkdən inanır. Onun arzusu çağdaş təhsil platformasında Qırğızıstanı mütləq uğura “proqramlaşdıracaq” İT ordusu yaratmaqdır. Onlar yaradıcı iqtisadiyyatı irəli aparacaq, bütün dünyanın istifadə edəcəyi keyfiyyətli milli İT məhsulları istehsal edəcəklər. Gələcəkdə isə bu gərəkli mütəxəssislər nəinki ölkələrində, həm də yalnız beyin, təcrübə və biliklərin tələb edildiyi aparıcı xarici ölkələrdə yetərincə layiqli rəqiblər kimi özlərini realizə edə bilərlər.

“Biz dünyaya özümüzün qırğız Bil Geytsimizi və ya Stiv Cobumuzu verə bilərik. Perspektivli istedadlı gənclər var! Yalnız məktəblərdə və universitetlərdə güclü texniki baza yaratmaq, dəyişikliklərə çevik reaksiya vermək, şagird və tələbələri yeni texnologiyalara alışdırmaq lazımdır. Yalnız uğurlu, təhsilli, imkanlı insanların yaşadığı ölkə inkişaf edə və çiçəklənə bilər. İT sahəsində böyük pullar dövr edir. Bizə isə belə nadir imkanı əldən buraxmamaq lazımdır. Qırğızıstan da ən böyük dünya İT şirkətlərinin təmsilçilərini cəlb edə biləcək durumdadır. Onları isə yalnız bir yolla – texniki cəhətdən hazırlıqlı peşəkar mütəxəssislərlə cəlb etmək olar. Demək istəyirəm ki, İT gələcəyin peşəsidir. Və bu gələcək artıq gəlib.” Beknazar belə düşünür.

Beknazar həm də təltiflər üçün səhnəyə dəvət edilir

Dövlətə ümidlə

Qırğızıstanda qeyd olunan istiqamətdə inkişafa əlavə impuls vermək üçün Beknazar öz təhsil layihəsini genişləndirməyə hazırdır. O, öyrənənlərin sayını ilk mərhələdə 25 minə, sonra isə yarım milyona çatdırmaq istərdi. İmkanlar sərhədsizdir. İnsan resursları da var. Öz qiymətli təcrübə və biliklərini bölüşmək üçün işinin peşəkarı olanlar da xaricdən ölkəyə qayıtmağa hazırdır. Sadəcə alətlər lazımdır. O alətləri isə peşəkarlar üçün dövlət təmin edə bilər. Məhz dövlət hamıdan fərqli olaraq peşəkar kadrların hazırlanmasında maraqlıdır. Çünki belə kadrlar təlimdən sonra Qırğızıstanın faydası üçün işləyəcəklər. Hətta ölkədən getsələr belə bu da müvəqqəti olacaq. Gediş də yad bir ölkədə küçə süpürmək üçün olan deyil. Belə gedişlər daha da təkmilləşmək və dünyanın aparıcı şirkətlərində təcrübə qazanmaq üçün olacaq.

“Dövlətin dəstəyi çox vacibdir. Biz İT sahəsi üçün vergi güzəştlərinə ümid etmək istərdik. Eyni zamanda ucqarlarda uşaqların təlimi üçün gərəkli imkanların yaradılasını arzu edirik. Təbii ki, təchiz edilmiş kompyuter sinifləri də istisna deyil. Bölgələrdə internetin olmadığı yerlər var. Hələ bu harasıdır? Hətta bəzi yerlərdə heç məktəb də yoxdur. Biz sosial layihə çərçivəsində ictimai xadim Assol Moldokmatova ilə birlikdə Narın vilayətindəki məktəblərdən birində olmuşuq. Bina qəzalı durumda, internet də yoxdur. Pandemiya dövründə 270 uşaq oxumaqdan məhrum olub… Biz axı bu uşaqlara üçün də dəstək ola bilərdik, onların beynini gərəkli çağdaş bilgilərlə zənginləşdirərdik. Bizə yalnız azacıq kömək olunması lazımdır”, – deyir Beknazar.

Assol Moldokmatova növbəti dəfə Beknazarı səhnəyə dəvət edib

Yeri gəlmişkən, İT sahəsində sosial layihələrin icrası həm də uşaq evlərindən məzun olmuş əngəlli insanların işlə təminatı məsələsini həll edə bilərdi. Gərəkli bilgiləri aldıqdan sonra onlar dövlətin dəstəyi olmadan ayaqda qala bilər və kimsəyə möhtac olmazlar. Yəni normal həyat qurar, ailə sahibi olar, özlərini tam təmin edər və ölkəyə fayda verə bilərlər.

İstedadlı və gərəkli mütəxəssislər. Çiçəklənən və inkişaf edən ölkə. Bütün bunlar mümkündür. Məsələ yalnız ondadır ki, imkanları əldən buraxmayasan.

Qeyd: Yazı rus dilində yazılıb və bayraqdar.info tərəfindən tərcümə edilib.

Mission News Theme by Compete Themes.